İlk seriya istehsalı elektrikli “Ferrari” "Sotheby's" hərracında 40 milyon dollara satılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Electrek” məlumat yayıb.
Avtomobilin hərracdan əvvəlki təxmini dəyəri 1,1 milyon dollar təşkil edib. Beləliklə, “Ferrari”nin qiymət siyahısında "Luce" modeli üçün göstərilən rəsmi məbləğ yekun satış qiymətindən təxminən 62 dəfə aşağı olub.
Lot ZFF21BUA8T0338000 şassili, “Chassis 0” kimi qeyd olunan və "Luce" istehsal proqramının ilk nümunəsi olan avtomobili əhatə edib. "Sotheby's" avtomobili ehtiyat qiyməti olmadan satışa çıxarıb və alıcı komissiyasından imtina edib. Buna görə də 40 milyon dollar həm yekun hərrac məbləği, həm də xeyriyyə ianəsinin həcmi olub.
Avtomobil “Tailor Made” proqramı çərçivəsində hazırlanıb. Kuzov işıqlandırmadan asılı olaraq yaşıldan bənövşəyiyə çalar dəyişən unikal Madreperla Semi-Gloss yarımat rənglə boyanıb. Salon isə "Perla" rəngli "Le Mans" metalik dəridən hazırlanıb və "Grigio Corvara" rəngində aksentlərlə tamamlanıb. “Ferrari” qeyd edib ki, "Luce" modelində qara interyer əvəzinə bu rəng kombinasiyasından ilk dəfə istifadə olunub.
Hərracın qalibi avtomobili hələlik təhvil almayacaq. Avtomobil yığımın tamamlanması üçün Maranelloya qaytarılacaq. Onun sahibinə çatdırılması 2027-ci ilin birinci rübünə planlaşdırılıb.
Satışdan əldə olunan bütün vəsait təhsil proqramlarını maliyyələşdirən ABŞ-dakı qeyri-kommersiya təşkilatı “Ferrari Foundation”a yönəldiləcək. "Sotheby's" hərrac başa çatdıqdan qısa müddət sonra satışın nəticəsini təsdiqləyib.
Aydın
Şərhlər