Dünya 15:07 12.03.2023

Fransa Senatı etirazlara rəğmən pensiya islahatını təsdiqlədi

Fransa Senatı şənbə günü hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin baş naziri Elizabet Born özünün tviter səhifəsində yazıb.

"Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatının mətnini qəbul etdi. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlar üçün həlledici mərhələ. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq", - deyə baş nazir bildirib.

Məlumata əsasən, sənədin lehinə 195 senator, əleyhinə isə 112 senator səs verib.

Yeni islahata əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.