10 sentyabrda etirazçılar bütün Fransa üzrə nümayişlər keçirib, nəqliyyatın hərəkətini pozub, zibil qutularını yandırıb və bəzən yolları "hamısını bloklamaq” məqsədilə polislə toqquşublar. Onların hədəfi siyasi sinif və planlaşdırılan büdcə ixtisarları olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”
yazıb.
Rəsmi şəxslərin sözlərinə görə, təhlükəsizlik qüvvələri ölkəboyu blokadaları tezliklə aradan qaldırmaq üçün yerləşdirilib. Onlarla etirazçı saxlanılıb, polis ilə bir neçə toqquşma baş verib.
Etirazlar siyasi çalxantılar fonunda gerçəkləşib: parlament iki gün əvvəl ölkənin sürətlə artan borcunu cilovlamaq planına görə baş nazir Fransua Bayruyu istefaya göndərmişdi.
Çərşənbə axşamı prezident Emmanuel Makron son iki ildə beşinci baş nazirini təyin edib – yaxın müttəfiqi Sebastyan Lekornyu seçib. Bu qərar solçuların ciddi narazılığına səbəb olub.
Paris küçələrində tələbələr bir məktəbin qarşısında hərəkəti bağlamaq üçün baryer qursa da, yanğınsöndürənlər yandırılmış əşyaları yığışdırıb. Paris polisinin məlumatına görə, nümayişlər zamanı 132 nəfər saxlanılıb.
"Eyni çirkab, eyni şeylər. Problem nazirlərdə deyil, Makrondadır”, – deyə Parisdə keçirilən aksiyada ictimai nəqliyyat üzrə CGT həmkarlar ittifaqının nümayəndəsi Fred bildirib.
"Ola bilər nazirlər də problemdir, amma əsas məsələ Makron və onun idarəçilik üslubudur. Bu isə o deməkdir ki, o getməlidir”, – o əlavə edib.
"Hamısını Blokla” hərəkatı mərkəzləşdirilmiş idarəetmənin yoxluğuna qarşı ümumi narazılıq ifadəsi kimi may ayında internetdə sağçı qruplar arasında yaranıb. Tədqiqatçıların və rəsmilərin sözlərinə görə, sonradan hərəkatı solçular və radikal solçular ələ alıblar.
Qərbdə yerləşən Nant şəhərində etirazçılar yanan təkərlər və zibil qutuları ilə avtomagistralı bağlayıblar.
Polis həmin şəhərdə dairəvi yolda nəzarəti ələ keçirməyə çalışan insanları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Cənub-qərbdəki Monpelyedə etirazçılar dairəvi yolda baryer quraraq hərəkəti dayandırmağa çalışanda polis onlara qarşı güc tətbiq edib.
Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, bəzi etirazçılar isə polislərə müxtəlif əşyalar atıblar. "Vinci” avtomobil yolları şirkəti Marsel, Monpelye, Nant və Lion da daxil olmaqla ölkənin müxtəlif yerlərində etirazlar və hərəkət dayanması barədə məlumat verib.
"Hamısını Blokla” hərəkatı etirazçıların qənaət siyasəti aparan idarəçi elita kimi gördükləri siyasi təbəqəyə qarşı xalq narazılığını əks etdirir.
Bu hərəkat 2018-ci ildə yanacaq qiymətlərinin artımı ilə başlayan, lakin sonradan Makrona və onun iqtisadi islahat planlarına qarşı daha geniş bir dalğaya çevrilən "sarı jiletlilər” etirazları ilə müqayisə olunur.
Daxili işlər naziri Bryuno Retayo bildirib ki, ölkə üzrə 80 min polis qüvvəsi yerləşdirilib, onlardan 6 mini Parisdədir. Fransız KİV-ləri təxminən 100 min nəfərin etirazlarda iştirak edəcəyini yazıb.
Alpər
Şərhlər