Gürcüstanda elektrik enerjisinin verilişi tam bərpa edilib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrosistemi məlumat yayıb.
Bildirilib ki, iyulun 25-i səhər saat 08:00 radələrində Tbilisi və regionların bəzi hissələrində elektrik enerjisinin verilişi müvəqqəti dayanıb. Ancaq saat 08:05-dən etibarən Tbilisinin böyük hissəsində və regionlarda elektrik təchizatı mərhələli şəkildə bərpa olunmağa başlayıb. Hazırda isə ölkə üzrə elektrik enerjisinin verilişi tam bərpa edilib.
Eyni zamanda qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların davam etdirildiyi vurğulanıb.
Elektrik kəsintisi səbəbindən Tbilisi Metropoliteninin fəaliyyətində müvəqqəti fasilə yaranıb, Gürcüstan Dəmir Yollarında isə qatarların hərəkətində gecikmələr qeydə alınıb.
Hazırda həm Tbilisi Metropoliteni, həm də Gürcüstan Dəmir Yolları fəaliyyətini tam bərpa edərək adi iş rejimində sərnişinlərə xidmət göstərir.
Şərhlər