Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb. Onun fikrincə, Latın Amerikası, Afrika və Asiya ölkələri Təhlükəsizlik Şurasında təmsil olunmalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat Hindistanın Xarici İşlər Nazirliyinin saytında dərc
olunub.
"Latın Amerikası, Afrika, Asiyada yerləşən üzv ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri Təhlükəsizlik Şurasında etibarlı və daimi nümayəndəliyə malik olmalıdır. Onların gələcəyi ilə bağlı qərarlar artıq onların iştirakı olmadan qəbul edilə bilməz. Qlobal institutların, o cümlədən bu şuranın iş üsullarını və proseslərini daha hesabatlı, obyektiv və şəffaf etmək də eyni dərəcədə vacibdir”, - deyə Cayşankar BMT-nin Nyu Yorkdakı Baş Qərargahında keçirilən görüşdə bildirib.
Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasından sonra BMT Təhlükəsizlik Şurasında mümkün islahat məsələsi yenidən gündəmə gəlib. Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiyanın xaric edilməsi və ya oraya yeni üzvlərin daxil edilməsi təklif edilib. Hazırda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyadır.
Nizami Bağırov
Şərhlər