Sinqapur hökuməti öz əməkdaşlarına tərəfdaş tapmaqda kömək etmək üçün vasitəçilik etməyə qərar verib. Pilot layihə olan "FirstDate" xidməti 21-35 yaş arası dövlət qulluqçuları üçün əlçatandır və potensial cütlükləri müəyyənləşdirmək üçün alqoritmdən istifadə edir.
Qaynarinfo "Business Insider"ə istinadən xəbər verir ki, Sinqapurun dövlət sektorunda təxminən 158 min nəfər çalışır. Bu, bütün dünyada "Google" şirkətinin əməkdaşlarının sayının təxminən beşdə dördünə bərabərdir.
Beləliklə, hakimiyyət 2025-ci ildə hər qadına 0,87 uşaq düşməsi ilə rekord aşağı doğum səviyyəsinin qeydə alındığı ölkədə tərəfdaş tapma prosesini bir qədər asanlaşdırmağa çalışır.
Sinqapurda tanışlıq imkanları
Sinqapurun subay sakinlərinin tanış olmaq üçün kifayət qədər imkanları var. "Tinder", "Hinge" və "Coffee Meets Bagel" kimi tətbiqlərlə yanaşı, yerli tanışlıq xidmətləri də fəaliyyət göstərir. Məsələn, "Kopi Date" bir fincan qəhvə üzərində canlı görüşlər təşkil edir, "Lunch Actually" və "GaiGai" şirkətləri isə ənənəvi tanışlıq xidmətləri kimi fəaliyyət göstərir.
Bununla yanaşı, bir çox insan üçün tərəfdaş tapmaq yalnız romantik münasibətlər baxımından əhəmiyyət daşımır. Sinqapur sakinlərinin təxminən 80 faizi HDB kimi tanınan dövlət mənzillərində yaşayır. Subay vətəndaşlar adətən belə mənzil almaq üçün müstəqil şəkildə yalnız 35 yaşdan sonra müraciət edə bilirlər.
2025-ci ilin noyabrında dərc olunan ev təsərrüfatları ilə bağlı araşdırmaya əsasən, 21-34 yaş arası subay vətəndaşların 66,3 faizi yaxın qohumları ilə birlikdə yaşayırdı.
Pilot layihəni həyata keçirən dövlət agentliyi "GovTech" "Business Insider"ə əlavə məlumat verməkdən imtina edib. Qurumun nümayəndələri "The Straits Times" qəzetinə bildiriblər ki, pilot mərhələ başa çatdıqdan sonra xidmətin işə salınması və ya genişləndirilməsi barədə hələ qərar qəbul edilməyib. İlk mərhələ üçün müraciətlərin qəbulu bazar ertəsi başa çatıb, növbəti mərhələ üçün qeydiyyat isə oktyabrın 20-də başlayacaq.

"FirstDate" daxili hakaton nəticəsində yaradılıb. Xidmət potensial cütlükləri iştirakçıların anket suallarına verdiyi cavablar əsasında formalaşdırmaq üçün Nobel mükafatının adını daşıyan Qeyl-Şepli alqoritmindən istifadə edir.
Jurnalistlər pilot layihədə iştirak etməyən üç subay Sinqapur sakini ilə şəhər-dövlətdə tanışlıq xüsusiyyətləri barədə danışıblar. Onların hekayələri tərəfdaş axtararkən insanların tez-tez üzləşdiyi ziddiyyəti göstərir: praktiklik arzusu həqiqi emosional bağ tapmaq ümidi ilə birləşir.
26 yaşlı aktyor və kontent yaradıcısı Tan Tsza Hao tanışlıq tətbiqlərindən istifadə edib, subaylar üçün təşkil olunan məclislərə qatılıb və hətta tanışlıq şousunda iştirak edib. Bununla belə, o bildirir ki, güclü bağ hiss etdiyi insanla qarşılaşmayacağı təqdirdə münasibətsiz həyatdan tamamilə razıdır.

Hazırda Tan subaylığın maliyyə üstünlüklərini də görür. O, ailəsi ilə birlikdə yaşayır və adətən görüşə 100 Sinqapur dollarına, yəni təxminən 78 ABŞ dollarına qədər xərcləməyə hazırdır. Bununla belə, ilk görüşdə qarşı tərəfdə təəssürat yaratmaq üçün daha çox pul xərcləyə bilər.
Onun sözlərinə görə, tərəfdaşı olmadığı halda hədiyyələrə, görüşlərə və romantik jestlərə xərcləyəcəyi vəsaiti öz ehtiyaclarına yönəldə bilir.
Tan yeni insanlarla tanış olmağın ən praktik yolu olduğu üçün tanışlıq tətbiqlərindən istifadə etməyə davam edir. Lakin onun fikrincə, canlı ünsiyyət zamanı əlaqə qurmaq daha asandır.
"Mən şəxsən düşünürəm ki, real həyatda təbii ünsiyyət zamanı insana qarşı daha asan cazibə hiss edirəm, amma bunun üçün imkanlar daha azdır", – Tan deyib.
O, "FirstDate" alqoritminin nə dərəcədə effektiv və dəqiq olacağı ilə maraqlandığını bildirib. Bununla yanaşı, Tan hesab edir ki, belə bir xidmət bəzi insanlara yeni tanışlıqlara başlamaq üçün "təkan" verə bilər.
26 yaşlı sosial media meneceri Şeril Di də jurnalistlərlə danışıb. Onun həmçinin jele tortların hazırlanması üzrə biznesi və manikür salonu var.

Onun sözlərinə görə, Sinqapurda tanışlıq prosesi kifayət qədər praqmatik ola bilər.
"İnsanlar bir şəxsin onlara nə dərəcədə uyğun ola biləcəyinə qərar verərkən təbii olaraq onun karyerası, təhsili, həyat tərzi və ümumi mənşəyi kimi məsələlərə diqqət yetirirlər", – Şeril Di deyib.
Di subaydır və ev yoldaşı ilə yaşayır. O, tərəfdaşının büdcəsini nəzərə almadan pullarını səyahətlərə, geyimə və digər şəxsi prioritetlərinə xərcləmək azadlığını yüksək qiymətləndirir.
Bununla yanaşı, o hesab edir ki, maliyyə məsuliyyətinin bölüşdürülməsi mənzil almaq və gələcəyi planlaşdırmaq kimi uzunmüddətli məqsədlərə çatmağı asanlaşdıra bilər.
Di "FirstDate" kimi tanışlıq xidməti əvəzinə insanların daha təbii şəkildə tanış ola biləcəyi imkanların – tematik klubların, idman bölmələrinin və müxtəlif ustad dərslərinin – artırılmasını istəyir.
"Belə mühitlərdə insanı daha təbii şəkildə müşahidə etmək mümkündür – onun başqaları ilə necə ünsiyyət qurduğunu, xarakterinin necə olduğunu və birlikdə vaxt keçirməyi həqiqətən bəyənib-bəyənmədiyinizi görmək olar", – o deyib.
29 yaşlı natiqlik üzrə təlimçi və kommunikasiya təlimləri üzrə ixtisaslaşmış şirkətin təsisçisi Rey Fanq isə Sinqapurda tanışlığın bəzən başqa insanı tanımaq prosesindən çox "iş müsahibəsinə" bənzədiyini deyir.

Gənc qadın ailəsi ilə yaşayır və gələcəkdə uşaq sahibi olmağı planlaşdırmır. Buna görə də onun sözlərinə görə, müəyyən uzunmüddətli maliyyə planları qurmaq zərurəti ilə bağlı daha az təzyiq hiss edir.
"Mən subay qadın kimi istədiyim hər şeyi edə bilərəm – səyahət edə, xəyallarımın biznesini qura, dadlı yeməklər yeyə, insanlarla ünsiyyət qura və tədbirlərə gedə bilərəm. Həyatım çox zəngindir və onu təmin etmək üçün kifayət qədər qazanıram", – Fanq bildirib.
Tanışlıq tətbiqləri ona adi sosial çevrəsindən kənarda insanlarla görüşməyə kömək edib. Lakin profilləri bir-birinin ardınca nəzərdən keçirməkdən yorulduğunu deyən Fanq ilk təəssüratı şəxsi görüş zamanı yaratmağa üstünlük verir.
Fanq hesab edir ki, "FirstDate" kimi xidmət gələcəkdə dövlət qulluqçularından kənara çıxarılsa, onun yalnız Sinqapur vətəndaşları ilə məhdudlaşdırılması başqa mədəniyyətlərin nümayəndələri ilə münasibət qurmaq istəyənlər üçün maneəyə çevrilə bilər.
Hökumətlər tanışlıq prosesinə qoşulur
Sinqapur hökumətin subay insanlara tərəfdaş tapmaqda kömək etməyə çalışdığı yeganə ölkə deyil. Asiyanın müxtəlif yerlərində daha gec nikah və aşağı doğum səviyyəsi ilə üzləşən hökumətlər tanışlıqların təşkilinə getdikcə daha fəal şəkildə müdaxilə edirlər.
2024-cü ildə Tokio süni intellekt əsasında dövlət tanışlıq tətbiqini istifadəyə verib. Avqust ayına olan məlumata görə, xidmətdə təxminən 17 min istifadəçi qeydiyyatdan keçib. 835 cütlükdə münasibətlər ciddiləşib, 316 cütlük isə nikaha daxil olub.
2025-ci ildə Tokioda doqquz ildən sonra ilk dəfə doğum səviyyəsində artım qeydə alınıb. Bununla belə, Yaponiyada ölkə üzrə doğum əmsalı azalmağa davam edib.
Cənubi Koreyanın bəzi yerli hakimiyyət orqanları da tanışlıq tədbirlərini birbaşa maliyyə təşviqləri ilə birləşdirir. Pusanda hakimiyyətin təşkil etdiyi tədbirdə tanış olan cütlüklər görüş mərhələsindən nikaha qədər maliyyə dəstəyi ala bilirlər.
Onlara 20 milyon von, yəni təxminən 14 800 ABŞ dolları məbləğində birdəfəlik yardım verilə bilər. Bundan əlavə, mənzil depoziti üçün 30 milyon von vəsait ayrılır və ya maksimum beş il müddətində kirayə haqqı kompensasiya edilir.
Tayvanda Daxili İşlər Nazirliyi də subay böyüklərin tanış olması üçün mütəmadi tədbirlər keçirir. 2026-cı il proqramına velosiped yürüşləri, göllərə ekskursiyalar və gecələmə ilə səyahətlər daxil edilib.
30 dəqiqəyə məişət işlərini öyrənə bilən robot
Bundan əvvəl San-Fransiskoda yerləşən ABŞ startapı "Flourish Robots" əsas təyinatı məişət işlərini yerinə yetirmək olan ilk robotunu təqdim edib. Onun əsas xüsusiyyəti tapşırıqları cəmi 30 dəqiqə ərzində öyrənə bilməsidir.
Robotun hündürlüyü 110 santimetr, çəkisi isə 20 kiloqramdır. O, bir dəfə enerji yığdıqdan sonra 12 saata qədər işləyə və 1,5 kiloqrama qədər ağırlıq qaldıra bilir.
Aydın
Şərhlər