ABŞ Okinavada yerli sakinin öldürülməsində şübhəli bilinən dəniz piyadasının həbsindən sonra adadakı hərbçiləri üçün spirtli içki qadağası və komendant saatı tətbiq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Dəniz piyadalarının ekspedisiya korpusunun komandanı general-leytenant Benjamin Uotsonun əmrinə əsasən, 48 saat ərzində həm hərbi bazada, həm də ondan kənarda spirtli içki qəbul etmək tamamilə qadağan edilib. Hərbçilərə həmçinin hərbi hissənin ərazisini tərk etməyə icazə verilmir.
"Okinava sakinləri ilə birlikdə yaşayır, işləyir və istirahət edirik; onların evi bizim evimizdir. Qonşularımızla hər bir qarşılıqlı əlaqə komandamız üçün zəruri olan etimadı ya möhkəmləndirir, ya da sarsıdır", deyə Uotsonun bəyanatında bildirib.
Generalın sözlərinə görə, iki günlük fasilə davranış və intizam standartları üzrə təlimlərin keçirilməsi üçün lazımdır. Bundan sonra 30 günlük "düşünmə dövrü" başlayacaq və bu müddətdə gecəyarısından səhər saat 5-dək komendant saatı qüvvədə olacaq.
Bu tədbirlər bazar günü "Futemma" aviabazasında xidmət edən 20 yaşlı dəniz piyadası Devin Ceykob Ballardın Naha şəhərindəki oteldə 39 yaşlı Anna Yaqinin öldürülməsində və onun pulqabısı ilə bel çantasının oğurlanmasında şübhəli bilinərək həbs edilməsindən sonra qəbul olunub. Ballard ittihamları qəbul etmir.
Okinava qubernatoru Genta Kodza bildirib ki, qətl yerli sakinləri "dərindən sarsıdıb" və Yaponiyanın Baş naziri Sanae Takaicidən problemi müzakirə etmək üçün təcili komitə çağırmağı tələb edib.
"Prefektura hökuməti dəfələrlə ABŞ hərbçilərindən bu cür insidentlərin qarşısının alınması üçün tədbirlər görməyi tələb edib. Lakin bunun yenidən baş verməsi bizi belə qənaətə gəlməyə məcbur edir ki, ABŞ Silahlı Qüvvələrində intizam və hüquqi tərbiyə ümumiyyətlə işləmir", deyə o bildirib..
2020-ci ildən etibarən Okinavada ABŞ hərbçiləri ilə bağlı cinayət işlərinin sayı təxminən 40-dan 101-ə yüksəlib. Yaponiyadakı bütün ABŞ hərbi obyektlərinin təxminən 70 faizi Okinava adasında yerləşir.
Aydın
Şərhlər