Siyasət 15:39 15.09.2022

İlham Əliyev və Vladimir Putin nələri müzakirə edəcəklər? - Ekspert

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Səmərqənd səfəri çərçivəsində sabah Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında görüş olacaq. Görüşdə əsas gündəm mövzusu Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət olacaq.

Bundan başqa, görüş zamanı KTMT missiyasının Ermənistana səfəri də müzakirə ediləcək.

Qaynarinfo-ya açıqlamasında görüşü şərh edən QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Putinlə Əliyev arasında həmin təmasların ermənilərin növbəti təxribatlarına son qoyacağını düşünmür:



"Bu görüşün müxtəlif müzakirə predmetləri var. Amma mövcud situasiyada iki məsələ daha önəmlidir. Biri sərhəd zonasında ermənilərin törətdiyi təxribat və bu fonda ortaya çıxan nəticələrlə bağlıdır. Zatən, Rusiya mövzu ətrafında yetərincə informasiyaya malikdir. Üstəlik, bu proses fonunda Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında da görüş olub. İndi daha yuxarı səviyyədə məsələ müzakirə ediləcək. Rusiya xarici işlər nazirliyi verdiyi açıqlamasında tərəfləri münasibətləri diplomatik yolla həll etməyə çağırıb. KTMT missiyasının bölgəyə səfəri də aktual məsələ kimi gündəmdə olacaq. Amma danışıqların nəyə gətirib çıxaracağı, Ermənistanın növbəti təxribatlarını əngəlləməyə yetəcəyi, erməni silahlı tör-töküntülərin Qarabağdan çıxmasına xidmət edib-etməyəcəyini indidən demək çətindir”. 

Rüfət Sultan