Siyasət 17:44 22.05.2023

“İlham Əliyevin Litvaya səfəri onu göstərdi ki...” - Deputat

"Litva səfəri göstərdi ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanları daha da genişlənir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad  Mirbəşiroğlu Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya səfərini şərh edərkən deyib:
 
"Azərbaycan aktiv şəkildə dünya ölkələrilə siyasi münasibət və iqtisadi əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan Prezidentinin Litvaya səfəri də bu istiqamətdəki fəaliyyətin davamıdır. Azərbaycanın kifayət qədər geniş nəqliyyat loqistika imkanları var. Bu imkanlar davamlı olaraq genişlənir. Azərbaycan Prezidenti Litva rəhbərilə görüşündən sonra vurğuladı ki, sözügedən istiqamətdə Bakı ilə Vilnüs arasında geniş əməkdaşlığın qurulması hər iki tərəfin marağındadır. 
 
Litva ilə Azərbaycan strateji tərəfdaşlıq  münasibətlərinə malikdirlər. Ötən il Litva Prezidenti  Azərbaycanda səfərdə oldu. Bu zaman tərəflər arasında əməkdaşlığın səviyyəsi müzakirə olunub.  Litva Prezidentinin ölkəmizdə səfəri dövründə bir sıra istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdı. Tərəflər  arasında son görüşdə də əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə imkanlar müzakirə predmeti oldu.
 
Ölkə Prezidenti həm də Cənubi Qafqazdakı vəziyyətlə bağlı Litva Prezidentini məlumatlandırdı. Bu da çox əhəmiyyətlidir. Çünki Prezident İlham  Əliyev bütün platformalarda ölkəmizin haqlı mövqeyini əsaslandırır. Son səfər çərçivəsində Litva rəsmiləri də Azərbaycanın sülhün əsas təşəbbüskarı olması, bu istiqamətdə baxışlarımzın nədən ibarət olduğu barədə məlumatlandırıldılar. Bu da ölkəmizin kifayət qədər güclü olan siyasi mövqeyimizi daha da möhkəmləndirir”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Litvada səfərdə olub. 

Rüfət Sultan