Almaniyalı alimlər xristian ilahiyyatının ən nüfuzlu simalarından biri hesab edilən Müqəddəs Avqustinə aid olduğu təsdiqlənən, indiyədək məlum olmayan iki moizə aşkar ediblər. Hər iki mətn Bibliyadakı Şaul, Əndor cadugəri və peyğəmbər Şamuel haqqında hekayəyə həsr olunub.
"Fox News”un məlumatına görə, yeni moizələri Almaniyanın "Vürtsburq” Universitetinin latın dili professoru Kristian Tornau orta əsrlərə aid əlyazmanı araşdırarkən aşkar edib.
Əlyazma XII əsrdə indiki Almaniya ərazisində yerləşən "Bad-Doberan” abbatlığında köçürülüb. Tədqiqatçılar hesab edirlər ki, o, bu günədək qorunub saxlanılmayan daha qədim bir əlyazma əsasında hazırlanıb.
Müqəddəs Avqustin eramızın 354–430-cu illərində yaşayıb, Hippo şəhərinin (indiki Əlcəzair ərazisi) yepiskopu olub və xristian ilahiyyatına zəngin irs qoyub. "Vürtsburq” Universitetinin məlumatına görə, o, Kilsə Atalarının ən mühüm nümayəndələrindən biri hesab edilir və əsərləri bu gün də geniş şəkildə araşdırılır.
Hazırda professor Kristian Tornau aşkar edilmiş moizələrin ilk elmi nəşrini hazırlayır. Mətnlərin həqiqiliyinin təsdiqlənməsi prosesi təxminən iki il davam edib.
Əlyazma necə aşkar edilib?
Kəşfin tarixi 2024-cü ildə monastır irsinin qorunması ilə məşğul olan təşkilatın professor Tornauya qədim əlyazmanı deşifrə etmək xahişi ilə müraciət etməsi ilə başlayıb.
Əlyazmada altı moizə yer alırdı və onlardan ikisinin elmə əvvəllər məlum olmadığı müəyyən edilib.
Hər iki moizə Əhdi-Ətiqdəki Şaul və Əndor cadugəri haqqında hekayəyə həsr olunub. Bibliyaya görə, filiştlilərlə döyüş ərəfəsində İsrail hökmdarı Şaul vəfat etmiş peyğəmbər Şamuelin ruhunu çağırmaq üçün cadugərin yanına gedir. Şamuel ona qarşıdakı döyüşdə həlak olacağını xəbər verir. Bu hadisə isə Allahın niyə belə görünən fövqəltəbii hadisəyə icazə verdiyi ilə bağlı ilahiyyat müzakirələrinə səbəb olub.
Alimləri təəccübləndirən məqam
Tədqiqatçıların diqqətini xüsusilə cəlb edən məqam Müqəddəs Avqustinin Şaulun peyğəmbər Şamuelin xəbərdarlığından sonra tövbə etmiş və hətta xilas olmuş ola biləcəyini ehtimal etməsidir.
Kristian Tornaunun sözlərinə görə, ilk moizə bazar günü söylənilib və Allahın ədalətinin mahiyyəti ilə bağlı sualın qoyulması ilə başa çatır.
Çərşənbə günü söylənilən ikinci moizədə isə Avqustin həmin sualı daha ətraflı təhlil edir.
Alim bildirir ki, mətnlərin dili, üslubu, yumoru və məzmunu onların müəllifinin məhz Müqəddəs Avqustin olduğunu göstərən güclü sübutlardır.
Onun fikrincə, Şaulun xilas olmuş ola biləcəyi ehtimalı bu moizələrin ən mühüm xüsusiyyətidir.
"Təkcə Avqustinin deyil, ümumilikdə erkən xristianlıq ənənəsində də buna bənzər fikir yoxdur. Əksər mənbələrdə Şaul mənfi obraz kimi təqdim edilir. Avqustin isə bu ehtimalı ciddi şəkildə irəli sürür", deyə Kristian Tornau bildirib.
Kəşfin əhəmiyyəti
Tədqiqatçı hesab edir ki, Avqustin bu nəticəyə ya müstəqil şəkildə gəlib, ya da Şaula daha müsbət yanaşan yəhudi ravvinlərinin şərhlərindən təsirlənib.
Onun sözlərinə görə, bu, Avqustinin müstəqil düşüncə tərzini və Allahın mərhəməti sayəsində hətta ən günahkar görünən insanların da nicat tapa biləcəyinə inandığını göstərir.
Kristian Tornau əlavə edib ki, mətnlərin gec antik dövrə aid olması şübhə doğurmur. Bunu orta əsrlərdə artıq istifadə olunmayan xristian liturgiyasına məxsus xüsusiyyətlər də təsdiqləyir.
Xüsusilə, ilk moizənin sonunda yer alan dua həmin dövrdə Şimali Afrika xristian ənənəsinə xas elementlər daşıyır. Bundan başqa, müəllif Avqustinin fikirlərini yaxşı bilsə də, onları sözbəsöz təkrarlamır. Bu da mətnlərin orijinallığını gücləndirən amillərdən biri hesab olunur.
Professor Tornau etiraf edib ki, tədqiqatın əvvəlində alimlər tapıntıya şübhə ilə yanaşıblar, çünki bəzi hissələr Avqustinin tanınmış üslubundan fərqlənirdi.
"Yeni Avqustin moizələrinin tapılması ehtimalı bizi həyəcanlandırırdı. Eyni zamanda bəzi məqamlar onun üslubuna uyğun gəlmədiyi üçün tərəddüd edirdik. Ətraflı təhlildən sonra müəllifliyi inkar etmək üçün ciddi əsas tapmadıq. Yekun nəticəmiz budur ki, bu moizələr həqiqidir", deyə Kristian Tornau bildirib.
Aydın
Şərhlər