Xəbər lenti

İmperiyalar icmaları məhv etməzdən insanlar 12000-dən çox dildə danışıb
Dünya 22:44 26.07.2026

İmperiyalar icmaları məhv etməzdən insanlar 12000-dən çox dildə danışıb

Bir neçə min il əvvəl Yer kürəsi linqvistik baxımdan "qızıl dövr"ünü yaşayırdı və dünyanın müxtəlif bölgələrində on minlərlə dil mövcud idi. Lakin sonradan imperiyaların yüksəlişi bir çox icmaları və onların dil ənənələrini aradan qaldırdı.

Qaynarinfo xəbər verir ki, bu barədə "GB News" nəşri yazır.

"Science" jurnalında dərc olunan yeni araşdırmada beynəlxalq linqvistlər, demoqraflar və təkamül bioloqlarından ibarət qrup son 12 min il ərzində dünya üzrə dil müxtəlifliyinin inkişafını təhlil edib.

Araşdırma göstərib ki, danışılan dillərin sayının kəskin azalması, geniş yayılmış fikrin əksinə olaraq, təxminən 500 il əvvəl başlayan Avropa müstəmləkəçiliyi ilə deyil, əsasən son bir əsrdə sürətlənən proseslə bağlıdır.

Məqalədə qeyd olunur ki, Roma imperiyası da daxil olmaqla iri dövlətlərin və çoxmillətli imperiyaların yaranması dil müxtəlifliyinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Sonrakı dövrdə müstəmləkəçilik bu prosesi daha da sürətləndirib.

Təxminən 6 min il əvvəl yazının yaranmasına qədər dillərə dair yazılı mənbələr mövcud olmadığından, tədqiqatçılar etnoqrafik məlumatlardan, tarixəqədərki əhali sayına dair qiymətləndirmələrdən, eləcə də statistik və sosial modelləşdirmə üsullarından istifadə ediblər.

Onların məqsədi son 12 min ili əhatə edən Holosen geoloji dövrü ərzində dil müxtəlifliyinin mənzərəsini bərpa etmək olub.

Məqalədə bildirilir ki, kənd təsərrüfatının yaranmasından əvvəl əhali qruplarının sayı və yerləşməsi barədə təsəvvür formalaşdırmaq üçün alimlər kənd təsərrüfatı icmaları ilə təmas nəticəsində dəyişikliklərə məruz qalmamış 171 ovçu-toplayıcı və balıqçı icmasının etnoqrafik məlumatlarını təhlil ediblər.

Bu məlumatlar 12 min il əvvəl Yer kürəsinin əhalisinin təxminən 4,4–7 milyon nəfər olduğunu göstərən müstəqil hesablamalarla müqayisə edilib.

Hazırlanan modellərə əsasən, Holosenin əvvəlində dünyada təxminən 4 500–6 200 dil mövcud olub.

Alimlər erkən Holosen dövrü ilə müasir dövr arasında əlaqəni izah edən minlərlə mümkün inkişaf ssenarisini modelləşdiriblər. Bu ssenarilərdə kənd təsərrüfatı və texnologiyaların inkişafı nəticəsində əhalinin artımı, eləcə də münaqişələr, xəstəliklər və ekoloji təzyiqlər səbəbindən əhalinin azalması nəzərə alınıb.

Nəticələr göstərib ki, dil müxtəlifliyi ən yüksək səviyyəsinə təxminən 1–3 min il əvvəl çatıb.

Araşdırmanın aparıcı müəllifi, Barselonadakı Pompeu Fabra Universitetinin professoru Damian Blazinin sözlərinə görə, kənd təsərrüfatından əvvəlki dünya ehtimal edildiyi qədər çoxdilli olmayıb.

"Çox güman ki, o dövrdə dillərin sayı indiki dövrdən daha az idi. İnsan əhalisi minilliklər boyu artdıqca dil müxtəlifliyi də yüksəlirdi”, deyə o bildirib.

Alimlər vurğulayırlar ki, dövlətlər və imperiyalar gücləndikcə öz dillərini və mədəniyyətlərini əvvəllər müstəqil yaşamış xalqlara qəbul etdiriblər. Nəticədə dil müxtəlifliyinin "qızıl dövrü" başa çatıb.

Tədqiqatın nəticələrinə görə, hazırda dünyada danışılan və ya işarə dili kimi istifadə olunan təxminən 7 600 dil vaxtilə mövcud olmuş dillərin yalnız kiçik, tarixi proseslər nəticəsində qorunub qalmış hissəsini təşkil edir.

Leypsiqdəki "Maks Plank” Təkamül Antropologiyası İnstitutunun Linqvistik və Mədəni Təkamül şöbəsinin rəhbəri, araşdırmanın həmmüəllifi Rassel Qrey bildirib:

"Bu gün mövcud olan dillər tarixdə baş vermiş böyük və son dərəcə seçici daralmanın qalıqlarıdır. Hər hansı dil xüsusiyyəti bəzən ona görə geniş yayılıb ki, o, ünsiyyət üçün daha səmərəli olub deyil, həmin xüsusiyyəti daşıyan əhali daha geniş yayılıb.”

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->