Xəbər lenti

Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?
Dünya 20:42 26.07.2026

Antarktidada nəhəng əraziyə heç bir ölkə iddia etmir: Səbəbi nədir?

Antarktidada yerləşən Meri Berd Torpağı bu günə qədər heç bir dövlətin rəsmi ərazi iddiası irəli sürmədiyi ən böyük quru sahələrindən biridir.

Qaynarinfo xəbər verir ki, bu regionun unikallığı təkcə ölçüləri ilə deyil, həm də hüquqi statusu ilə bağlıdır. Sahəsi İran və Monqolustandan böyük, Polşadan isə təxminən beş dəfə geniş olan Meri Berd Torpağı artıq bir əsrə yaxındır ki, heç bir ölkənin rəsmi iddiasına daxil edilməyib.

Ərazinin tarixi 1920–1930-cu illərdə Qərbi Antarktikanın bu hissəsini xəritələşdirən admiral Riçard Evelin Berdin (Richard Evelyn Byrd) ekspedisiyaları ilə bağlıdır.

ABŞ hökuməti sonradan bu əraziyə rəsmi iddia irəli sürmək imkanını nəzərdən keçirsə də, sonda bundan imtina edib.

"WP Tech" nəşrinin yazdığına görə, Meri Berd Torpağının gələcəyi ilə bağlı üç əsas ssenari müzakirə olunur:

* regionun BMT-nin nəzarəti altında xüsusi elmi-tədqiqat zonası elan edilməsi;
* böyük dövlətlərin Antarktika Müqaviləsinin prinsiplərini zəiflətməsi;
* buzlaqların əriməsi nəticəsində təbii sərvətlərə çıxışın asanlaşması fonunda iqtisadi marağın artması.

Hazırda bu ərazi planetdə baş verən qlobal proseslərin öyrənilməsi üçün mühüm elmi laboratoriyalardan biri hesab olunur.

Alimlər 2020-ci ildən bildirirlər ki, burada buz örtüyünün altındakı geotermal istilik axını əvvəlki hesablamalardan təxminən 50 faiz yüksəkdir. Bu amil buzlaqların ərimə sürətinə və iqlim dəyişikliklərinin qiymətləndirilməsinə birbaşa təsir göstərir.

Bundan başqa, buz örtüyünün altında yerləşən vulkanik sistem də xüsusi maraq doğurur. 2024-cü ildə ABŞ-ın bir neçə universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Yer mantiyasından təxminən 1,2 min kilometr dərinliyə qədər uzanan mantiya plumu ilə əlaqəli azı 138 isti nöqtə müəyyən edib.

Tədqiqatçılar hesab edirlər ki, bu proseslər Tveyts buzlağının davranışı ilə əlaqəlidir. Məlumata görə, geotermal istilik buzlağın aşağı hissəsində ərimə sürətini ildə təxminən 15 santimetr artırır ki, bu da əvvəlki qiymətləndirmələrdən yüksək göstəricidir.

Antarktika Müqaviləsi və dövlətlər arasında rəqabət

1959-cu ildə imzalanmış Antarktika Müqaviləsi yeni ərazi iddialarının irəli sürülməsini qadağan etsə də, regiona marağı azaltmayıb.

Çin 2026-cı ildə sualtı dronlarla təchiz edilmiş yeni mobil elmi bazanın fəaliyyətə başlayacağını elan edib. ABŞ Antarktika proqramının maliyyələşdirilməsini beş dəfə artırıb, Avropa İttifaqı isə dərin buz qazıntıları ilə bağlı "Beyond EPICA" layihəsini həyata keçirməyə başlayıb.

Hazırda əsas rəqabət təbii sərvətlərə görə deyil, elmi məlumatlara görə gedir.

BMT-nin 2025-ci il hesabatına əsasən, dünya üzrə iqlim modellərinin 37 faizi Antarktikadan əldə olunan məlumatlara əsaslanır. Dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı proqnozların eyni payı isə Tveyts buzlağında aparılan tədqiqatlardan asılıdır. Bu məlumatların iqtisadi dəyəri ildə 60 milyard ABŞ dollarından çox qiymətləndirilir.

Antarktikada həyat şəraiti və simvolik iddialar

Bu regionda işləmək son dərəcə çətin şərait tələb edir. Burada temperatur mənfi 80 dərəcəyədək enir, küləyin sürəti saatda 100 kilometrə çatır və tədqiqatçılar ilin ən azı səkkiz ayını tam təcrid vəziyyətində keçirirlər.

Buna görə də külək və günəş enerjisi ilə işləyən avtomatlaşdırılmış stansiyalar getdikcə daha geniş istifadə olunur. Onlar ilboyu sensorların işləməsini təmin edir və məlumatları real vaxt rejimində peyklər vasitəsilə ötürür.

Hüquqi statusunun qeyri-müəyyən olması müxtəlif simvolik təşəbbüslərin də yaranmasına səbəb olub. Son illərdə Vestarktika Böyük Hersoqluğu, Finismund Krallığı və Buzlaq Respublikası kimi layihələr elan edilsə də, onların heç biri beynəlxalq səviyyədə siyasi əhəmiyyət daşımır.

İqlim dəyişikliyinin sürətlənməsi fonunda Meri Berd Torpağının gələcəyi getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Əsas sual isə budur: bu region elmi tədqiqatlar üçün beynəlxalq əməkdaşlıq məkanı olaraq qalacaq, yoxsa daha sərt geosiyasi rəqabətin predmetinə çevriləcək?

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->