Ukraynaya qarşı müharibənin nə vaxt və hansı şərtlərlə başa çatmasından asılı olmayaraq, Rusiya digər dövlətlər üçün təhlükə mənbəyi olaraq qalacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" qəzetində beynəlxalq məsələlər üzrə jurnalist Den Slit yazır.
Məqalədə bildirilir ki, Qərbdə geniş yayılmış fikrə görə, davamlı iqtisadi və hərbi təzyiq sonda Moskvanı siyasətini dəyişməyə məcbur edəcək və ya mövcud siyasi sistemi çökdürəcək. Lakin müəllifin fikrincə, bu ssenarilərin heç biri uzun illərdir Rusiyada gedən daxili proseslərin real mahiyyətini nəzərə almır.
Müəllif qeyd edir ki, Rusiyada əmək qabiliyyətli əhalinin sayı azalır, əmək məhsuldarlığının artımı zəifləyir, investisiyalar əsasən dövlət sektorunda cəmləşir, enerji daşıyıcılarının ixracından əldə olunan gəlirlərin federal büdcədəki payı isə tədricən azalır. Bununla yanaşı, siyasi hakimiyyət daha da mərkəzləşib və iqtisadi imkanlar mərkəzi hakimiyyətə sədaqətlə sıx bağlı vəziyyətə gəlib.
Nəşrin yazdığına görə, Ukraynaya qarşı genişmiqyaslı işğal bu problemləri daha da dərinləşdirib. Səfərbərlik və miqrasiya işçi qüvvəsi çatışmazlığını artırıb, müdafiə xərcləri mülki investisiyaları və sosial xərcləri sıxışdırmağa başlayıb, güc strukturları isə getdikcə azalan potensial çağırışçılar uğrunda bir-biri ilə rəqabət aparır. Bundan əlavə, işğal olunmuş ərazilər ciddi inzibati və maliyyə resursları tələb edir, lakin nəzərəçarpacaq iqtisadi gəlir gətirmir.
"Bu amillər bir-birindən ayrı fəaliyyət göstərmir. Onlar toplanır və qarşılıqlı şəkildə bir-birini gücləndirir”, deyə jurnalist vurğulayır.
Müəllif həmçinin izah edir ki, onun fikrincə, Rusiya xarici təzyiqə bir çox digər dövlətlər kimi reaksiya vermir. Demokratik sistemlərdə problemlərin artması adətən islahatlara və ya kompromis axtarışına təkan verir. Rusiyanın hakimiyyət modeli isə xarici dünya ilə qarşıdurma üzərində qurulub.
"Təzyiq mövcud kursun yanlış olduğunun sübutu deyil. Bu, təhlükənin real olduğunun sübutudur”, deyə müəllif rus hakimiyyətinin məntiqini belə izah edir.
Müəllif hesab edir ki, orta müddətli perspektivdə Kreml genişmiqyaslı hərbi kampaniyalardan daha çox, daha ucuz və daha az resurs tələb edən təsir vasitələrinə – kiberhücumlara, diversiyalara, informasiya əməliyyatlarına, enerji rıçaqlarından istifadəyə və vasitəçilər üzərindən fəaliyyətə üstünlük verəcək.
Məqalənin sonunda ekspert Qərb hökumətlərini, biznes dairələrini və cəmiyyətlərini müharibədən əvvəlki vəziyyətə qayıdış gözləməməyə çağırır. Nəşr vurğulayır ki, kritik infrastrukturun və demokratik institutların möhkəmləndirilməsi, həmçinin Rusiya ilə bağlı uzunmüddətli risklərin nəzərə alınması Qərbin yalnız cari müharibəyə reaksiyası deyil, daimi siyasət elementinə çevrilməlidir.
Aydın
Şərhlər