Bəzi isti içkilər, xüsusilə də müntəzəm istifadə edildikdə, sağlamlığa sübut olunmuş müsbət təsir göstərir. Onlardan biri sudan sonra dünyada ən çox istehlak olunan ikinci içki olan qəhvədir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Science Focus" nəşri yazıb.
"UK Biobank" məlumat bazası əsasında aparılan araşdırma göstərib ki, gündə bir-iki fincan qəhvə içən insanlar, adətən, daha uzun ömür sürürlər.
Asiya əhalisi arasında aparılan və "International Journal of Epidemiology" jurnalında dərc olunan başqa bir tədqiqat da oxşar nəticə ortaya qoyub. Araşdırmaya əsasən, hər gün beş fincan qəhvə içən insanlarda istənilən səbəbdən ölüm riski 28 faiz daha aşağı olub.
Mütəxəssislərin fikrincə, bu faydalı təsirin əsas səbəbi qəhvənin tərkibində olan polifenollardır. Antioksidantlarla zəngin olan bu mikroelementlər orqanizmi iltihabdan və oksidləşdirici stressdən qoruyur. Hər iki proses ürək-damar xəstəlikləri, eləcə də neyrodegenerativ pozuntular da daxil olmaqla bir çox xəstəliklərin inkişafına səbəb ola bilər.
Yaşıl çay da sağlamlıq üçün ən faydalı isti içkilərdən biri hesab olunur. "Epidemiology and Health" jurnalında dərc olunmuş araşdırmaya görə, yaşıl çayın müntəzəm qəbulu ürək-damar xəstəliklərinin və bütün səbəblərdən ölüm riskinin azalması ilə əlaqələndirilir.
Bu təsirdə də əsas rolu polifenollar oynayır. Alimlər xüsusilə epiqallokatexin qallat (EGCG) adlı birləşməyə diqqət yetirirlər.
Qara çaya üstünlük verənlər üçün də müsbət nəticələr mövcuddur. Araşdırmalar göstərir ki, qara çay arterial təzyiqi və aşağı sıxlıqlı lipoprotein (LDL) – "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir. Bundan əlavə, onun müntəzəm istifadəsi yaşlı insanlarda idrak funksiyalarının zəifləməsini ləngidə bilər.
Qara çayın ümumi ölüm riskinə təsiri qəhvə və yaşıl çayla müqayisədə daha zəif olsa da, "UK Biobank" məlumatları əsasında aparılan bir araşdırma gündə iki fincandan çox çay içən insanlarda istənilən səbəbdən ölüm riskinin 9–13 faiz azaldığını göstərib. Tədqiqatçılar həmçinin çaya süd əlavə edilməsinin onun faydalı xüsusiyyətlərini aradan qaldırdığı barədə geniş yayılmış fikrin əhəmiyyətli dərəcədə doğru olmadığını bildiriblər.
Məqalədə digər faydalı isti içkilərdən də bəhs edilir. Bildirilir ki, bitki çayları da adətən polifenollarla zəngin olur və onların bəziləri sağlamlığın müəyyən sahələrinə müsbət təsir göstərir. Məsələn, nanə çayı qıcıqlanmış bağırsaq sindromunun simptomlarını yüngülləşdirməyə kömək edə bilər. Çobanyastığı çayının müntəzəm istifadəsi yuxunun keyfiyyətinin yaxşılaşması ilə əlaqələndirilir. Hibiskus çayı isə arterial təzyiqin aşağı salınması baxımından ümidverici nəticələr göstərib.
Aydın
Şərhlər