Siyasət 13:36 04.10.2023

İrandakı səfirliyimiz bərpa edilir? - Ekspert

"Tehrandakı səfirliyimizin bərpası Xələf Xələfovun İrana səfərinin nəticələrindən asılı olacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Sülhəddin Əkbər Bakının İrandakı diplomatik nümayəndəliyinə terror hücumu edən Yasin Hüseynzadənin istintaqının başa çatması və işin məhkəməyə verilməsi fonunda səfirliyimizin bərpası mümkünlüyündən danışarkən deyib.

Sülhəddin Əkbər bildirib ki, Azərbaycan tərəfi İranla bundan sonrakı münasibətlərində ehtiyatı əldən verməməlidir:



Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun İrana səfərinin əsas müzakirə mövzusu da ikitərəfli münasibətlərin bərpası imkanlarını araşdırmaq, yerində öyrənməkdir. Bu mənada düşünürəm ki, Tehrandakı səfirliyimizin bərpası məsələsi də əsasən məhz bu səfərin nəticələrindən asılı olacaq. İran tərəfinin atdığı addımlar, verdiyi vədlər, götürdüyü öhdəliklər rəsmi Bakını qane edəcəksə, Azərbaycan səfirliyinin işinin bərpası da mümkündür. Amma fikrimcə, Azərbaycan tərəfi İranla bundan sonrakı münasibətlərində ehtiyatı əldən verməməli, həm təkbaşına, həm də beynəlxalq birlik tərəfindən əlavə öhdəlik, təhlükəsizlik zəmanətləri almalıdır. İran rəsmi olaraq, publik şəkildə Azərbaycanın Tehran və Təbrizdəki diplomatik nümayəndəliyinin qorunması üçün əlavə tədbirlər görməli və öhdəliklər götürməlidir. Bu mənada da Bakı səfirliyin bərpasına tələsməməlidir”. 

Rüfət Sultan