Dünya 17:01 09.08.2023

İraqda "homoseksuallıq" və "gender" sözləri qadağan edildi

İraqın Rabitə və Media Komissiyası çərşənbə axşamı mediada və sosial mediada "homoseksuallıq” və "gender" sözlərinin istifadəsinə qadağa qoyulduğunu elan edib. 

Qaynarinfo-nun xəbərinə görə, tənzimləyici tələb edir ki, "homoseksuallıq” sözünün əvəzinə "seksual sapma” sözlərindən istifadə edilsin.

İraq hökumətinin mətbuat xidməti bildirib ki, tənzimləyicinin qərarı hələ də yekun təsdiq tələb edir. Həmçinin, onların fikrincə, yeni qaydanın pozulmasına görə cəza hələ müəyyən edilməyib, lakin çox güman ki, cərimə nəzərdə tutulacaq.

İraq açıq şəkildə eynicinsli münasibəti qadağan etmir. Lakin ekspertlər deyirlər ki, Cinayət Məcəlləsində əxlaq normalarını pozan qeyri-müəyyən ifadəli maddələr bəzən LGBT icmasının üzvlərini təqib etmək üçün istifadə olunur. Son aylarda bir çox İraq partiyaları LGBT hüquqlarını daha çox tənqid ediblər. Bundan əlavə, Danimarka və İsveçdə Quranın yandırılmasından sonra yerli şiə qrupları öz etirazları zamanı göy qurşağı bayraqlarını daha tez-tez yandırmağa başlayıblar.

Aydın