XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Pulun ABŞ sevgisi bitir? - Qlobal investorların istiqaməti dəyişir
Dünya22:30 28.08.2026

Pulun ABŞ sevgisi bitir? - Qlobal investorların istiqaməti dəyişir

Dünya maliyyə sistemində uzun illər dəyişməz qəbul edilən “pul Amerikanı sevir” yanaşması müzakirə mövzusuna çevrilib.

Qaynarinfo xəbər verir ki, “Hürriyet” qəzetinin köşə yazarı Səfər Levent ABŞ-ın dünyanın əsas investisiya mərkəzi olmaq xüsusiyyətinin risk altında olub-olmadığını təhlil edib.

Levent qlobal maliyyə böhranından sonra Amerika səhmlərinin illik orta hesabla təxminən 17 faiz gəlir gətirdiyinə diqqət çəkərək, ABŞ-ın uzun müddət Avropa, Yaponiya, Çin və inkişaf etməkdə olan bazarları böyük fərqlə geridə qoyduğunu bildirib.

Amerika bazarlarına alternativlər güclənir

Levent “Financial Times”da dərc olunan təhlilə də yer verərək, son iki ildə ABŞ-dan kənardakı birjaların göstəricilərinin Amerika bazarlarına yaxınlaşmağa, bəzi dövrlərdə isə onları üstələməyə başladığını qeyd edib.

Onun sözlərinə görə, Avropa şirkətlərində mənfəətin artım tempi sürətlənib, Yaponiyada korporativ idarəetmə islahatları irəliləyib, bir çox inkişaf etməkdə olan ölkənin maliyyə balansı isə əvvəlki illərlə müqayisədə güclənib. Bu isə investorların artıq yalnız ABŞ bazarlarına yönəlmək məcburiyyətində olmadığını göstərir.

ABŞ-da borc və yüksək qiymətləndirmə təzyiqi

Levent ABŞ bazarlarının öz daxilində də ciddi problemlərlə üzləşdiyini vurğulayıb. Amerika səhmlərinin bahalı səviyyələrdə olduğunu bildirən müəllif, xüsusilə süni intellektin təsiri ilə bahalaşan texnologiya şirkətlərində qiymətləndirmələrin yüksək həddə çatdığını qeyd edib.

Vaşinqtonun borcunun 40 trilyon dollara yaxınlaşdığını bildirən Levent, 2026-cı ildə büdcə kəsirinin ümumi daxili məhsulun 5,8 faizi səviyyəsində olmasının gözlənildiyini yazıb.

ABŞ maliyyə naziri Skott Bessentin 2028-ci ildə büdcə kəsirini 3 faizə endirmək hədəfinin olduğunu qeyd edən Levent, bazarların bu məqsədə necə nail olunacağını görmək istədiyini vurğulayıb.

Pul üçün Amerikadan kənarda alternativlər artır

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsinin səhmlərin gələcəkdə təmin edəcəyi gəlirlərin bugünkü dəyərini azaltdığını bildirən Levent, yüksək qiymətləndirməyə malik texnologiya şirkətlərinin bundan daha çox təsirlənə biləcəyini qeyd edib.

Müəllif süni intellekt yarışındakı iri şirkətlərin getdikcə daha çox kapital tələb etdiyini və investisiyalarını qismən borclanma hesabına maliyyələşdirdiyini yazıb. Beləliklə, ABŞ-ın dövlət borcu problemi ilə “Wall Street”dəki süni intellekt hekayəsinin bir-biri ilə əlaqələndiyi vurğulanıb.

Leventə görə, Avropadan Yaponiyaya və inkişaf etməkdə olan ölkələrə qədər alternativ bazarların güclənməsi qlobal portfellərdə ABŞ-nin payının yenidən nəzərdən keçirilməsinə səbəb olur.

ABŞ-dan kütləvi kapital axını gözlənilmir

Köşə yazısında ABŞ-dan kütləvi kapital çıxışının gözlənilməsinin real olmadığı da qeyd edilir.

ABŞ-ın hələ də dünyanın ən dərin kapital bazarlarına, iri şirkətlərə və çox geniş daxili bazara malik olduğu vurğulanır. Bununla yanaşı, uzun illər tətbiq edilən “nə olursa-olsun, Amerika al” yanaşmasının artıq əvvəlki qədər mübahisəsiz olmadığı bildirilir.

Xaricilərin ABŞ istiqrazlarındakı payı azalıb

Leventin yazısında xarici investorların ABŞ Xəzinə istiqrazlarındakı payının dəyişməsi ilə bağlı rəqəmlərə də yer verilib.

Qlobal maliyyə böhranından sonra xarici investorların ABŞ Xəzinə istiqrazlarındakı payının 57 faizə qədər yüksəldiyi, 2025-ci ilin sonunda isə bu göstəricinin 32 faizə düşdüyü bildirilir.

İyun ayında xarici investorların sahib olduğu ABŞ Xəzinə istiqrazlarının həcmi 9 trilyon 371 milyard dollardan 9 trilyon 299 milyard dollara geriləyib. Çinin ABŞ Xəzinə istiqrazları portfeli də həmin ay 4 faiz azalaraq 633,4 milyard dollara düşüb. Bunun 2008-ci ilin sentyabrından bəri qeydə alınan ən aşağı səviyyə olduğu bildirilir.

Bununla belə, xarici investorların ABŞ bazarlarından tamamilə uzaqlaşmadığına diqqət çəkilir. İyun ayında xarici investorlar Amerika səhmlərinə 181,4 milyard dollar, ABŞ şirkətlərinin istiqrazlarına isə 35,6 milyard dollar investisiya yatırıb.

Yazının sonunda qlobal kapitalın Amerikadan tamamilə imtina etmədiyi, lakin uzun illərdən sonra ABŞ-dan kənardakı alternativlərə daha çox diqqət yetirməyə başladığı qənaəti önə çıxarılıb.

Aydın