"Düşünürəm ki, sertifikasiya imtahanlarının əsas məqsədi orta təhsil müəssisələrində müəllim sıxlığının azaldılması, həmçinin orta məktəblərdə ixtisasına daha yaxşı bələd olan şəxslərin qalması məqsədi daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri elm və təhsil naziri Emin Əmrullayevin "işdən çıxarılan müəllimlərin dərs yükü digərləri arasında bölüşdürüləcək" fikirinə münasibətində deyib.
Ekspert imtahandan kəsildiyinə görə işdən azad olunan müəllimlərin yerinə əlavə kadr götürməyin əlehinə olduğunu bildirib:
"Buna ehtiyac yoxdur. Qərar məktəbdə 70 müəllim varsa, onun təxminən 5-6-sinə təsir edir. Belə olan təqdirdə onların yerinə əlavə müəllim götürmək mənasızdır. Çünki bu gün orta məktəblərdə dərs saatı böyük problemə çevrilib. Məsələn, 10 müəllim arasında az dərs saatı bölüşdürülməkdənsə, həmin dərs saatlarının çox güclü müəllimlər arasında bölüşdürülməsi daha yaxşı olar. Burada həm müəllimlər qazanar, həm də uşaqlar savad sahibi olar. Dərs saatı əlavə pul, keyfiyyətli müəllim də keyfiyyətli tədris deməkdir. Bu yaxşıdır".
Elmin Nuri sertifikasiya imtahanlarında bəzi problemlərin olduğunu vurğulayıb:
"Düzdür, sertifikatlaşdırma ilə bağlı bir çox mənfi hallar var. Onun təşkilində, texniki prosedurlarda və s. Bu gün də bəzi şayiələr gəzir, amma imtahandan keçə bilməyən müəllim kimi işləyə bilməz. Bu şagird və müəllimlərin faydası istiqamətində gözəl addımdır. Deyə bilərsiniz ki, işdən çıxarılan müəllimlər də bizim vətəndaşlarımızdır. Onlar da evlərinə çörəkpulu aparmalıdır. Bununla mən də razıyam. Amma gəlin reallığa baxaq. Məktəb bu qədər müəllimə ehtiyac duyur? Əmək haqqı yüksək olan yerdə müəllim işinə daha keyfiyyətli yanaşacaq. Elə müəllim var ki, onun cəmi 6 saat dərsi var. 6 saatla insan necə dolanar? Bölgələrdə müəllimlər 240 manat əmək haqqı alır. Tanıdığım müəllim var ki, 180 manat əmək haqqı alır. Bu qədər əmək haqqı almaqdansa evdə oturmaq daha məqsədlidir".
Elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında bildirib ki, işdən çıxarılan müəllimlərin dərs yükü digərləri arasında bölüşdürüləcək. Nazir əlavə edib ki, təxminən 56 mindən artıq müəllimin əməkhaqqısı artırılacaq:
"İşdən azad edilmiş müəllimlərin yerinə yeni müəllimlər təyin edilmir, çünki həmin məktəblərdə müəllim sıxlığı mövcuddur. Hər bir müəllim bilməlidir ki, əgər məktəbdə, məsələn, 28 müəllim varsa, bu halda əməkhaqqı yüksək olmayacaq. Dərs yükü daha yüksək bal toplamış müəllimlər arasında ədalətli şəkildə bölüşdürülməlidir".
Bahar Rüstəmli
Şərhlər