Dünya 16:05 29.03.2023

İsveç NATO üzvlüyünə görə Macarıstana əlavə zəmanət verməkdən imtina etdi

İsveçin xarici işlər naziri Tobias Bilström bildirib ki, ölkəsi NATO üzvlüyünə görə Macarıstana əlavə zəmanət verməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Riedia” məlumat yayıb.

"Heç bir xüsusi memorandum yoxdur, Macarıstanla xüsusi sazişlər yoxdur və biz onları bağlamaq niyyətində deyilik”, - Bilström bildirib.

O qeyd edib ki, ölkəsinin Alyansa qoşulması ilə bağlı protokolu Macarıstanda ratifikasiya olunmuş Finlandiya ilə ümumi baxışları var.

"Xeyr və qeyd edəcəm ki, Macarıstan tərəfindən protokolu yenicə ratifikasiya olunmuş Finlandiyanın qanunun aliliyinə İsveçlə, eləcə də Aİ ilə eyni baxışları var”, - XİN rəhbəri bildirib.

Xatırladaq ki, martın 28-də Macarıstan parlamenti Finlandiyanın NATO-ya daxil olmasını dəstəkləyib. Deputatların böyük əksəriyyəti ratifikasiyaya səs verib.

Nizami Bağırov