Xəbər lenti

İtaliya elektrik gərginliyi ölçü vahidi olan
Dünya 22:51 04.06.2026

İtaliya elektrik gərginliyi ölçü vahidi olan "volt"un adının dəyişdirilməsini tələb edir

İtaliya elektrik gərginliyinin ölçü vahidi olan "volt”un adında dəyişiklik edilməsi və onun "volta” kimi bərpa olunması üçün beynəlxalq təşəbbüs irəli sürüb. İtalyan tərəfi hesab edir ki, bu addım vahidin adının mənşəyinə daha düzgün uyğun gəlir və elmi irsin ədalətli şəkildə tanınmasını təmin edəcək.

Qaynarinfo xəbər verir ki, "Corriere della Sera” qəzetinin məlumatına görə, İtaliya hökumətinin innovasiya üzrə dövlət katibi Alessio Butti Parisdə keçirilən G7 ölkələrinin rəqəmsal texnologiyalar üzrə nazirlər görüşü zamanı Beynəlxalq Çəki və Ölçülər Bürosuna müraciət edib. Müraciətdə elektrik gərginliyi vahidinin adının rəsmi olaraq dəyişdirilməsi prosedurunun başlanması xahiş olunur.

Bildirilir ki, hazırkı "volt” forması elm adamlarının adları ilə bağlı digər ölçü vahidlərindən fərqlənir. Məsələn, "vat” Vatt, "amper” Amper, "nyuton” Nyuton, "paskal” isə Paskal soyadlarından götürülüb. İtalyan tərəfinin fikrincə, elektrik batareyasını 1800-cü ildə ixtira edən Alessandro Voltanın soyadının sonundakı "a” hərfinin düşməsi tarixi və dil baxımından uyğunsuzluq yaradır.

Qeyd olunur ki, "volt” formasının yaranmasının ingilis dilinin təsiri ilə bağlı ola biləcəyi düşünülür, çünki bu dildə sözlərin açıq saitlə bitməsi daha az yayğındır. İtaliya isə "volta” formasının digər elmi vahid adlarında olduğu kimi daha uyğun olduğunu bildirir.

Roma hökuməti təşəbbüsü mərhələli şəkildə irəlilətməyi planlaşdırır. İlk mərhələdə adın milli səviyyədə dəyişdirilməsi, daha sonra isə beynəlxalq qurumlara təqdim edilməsi nəzərdə tutulur. Son qərarın 2026-cı ilin oktyabrında keçiriləcək Beynəlxalq Çəki və Ölçülər Bürosunun Baş konfransında səsverməyə çıxarılması mümkündür.

Alessio Butti qeyd edib ki, bu təşəbbüs yalnız dil məsələsi deyil, həm də Alessandro Volta-nın elmi irsinin daha düzgün şəkildə tanınması ilə bağlıdır. O vurğulayıb ki, Volta müasir elmin əsas banilərindən biri hesab olunur və onun işi bəşəriyyətin elektrik və texnoloji inkişafla münasibətini köklü şəkildə dəyişib.

İtaliya üçün bu məsələ həm də simvolik əhəmiyyət daşıyır. 2027-ci ildə Alessandro Volta-nın vəfatının 200 illiyi qeyd olunacaq.

Aydın

--> -->