Xəbər lenti

Kir Starmer NATO-nun baş katibi ola biləcəkmi?
Dünya 23:44 29.06.2026

Kir Starmer NATO-nun baş katibi ola biləcəkmi?

Britaniya Baş naziri Kir Starmerin NATO-nun baş katibi vəzifəsinə namizəd olmaq niyyətində olduğu barədə məlumatlar Britaniya mediasında yayılıb. Bu iddialar 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti ərəfəsində gündəmə gəlib.

Qaynarinfo xəbər verir ki, məlumata görə, Starmer 2028-ci ildə səlahiyyət müddəti başa çatacaq hazırkı baş katib Mark Ruttenin yerini tutmaq niyyətindədir. Lakin bu planın reallaşması bir sıra ciddi maneələrlə üzləşə bilər.

Ən mühüm çətinliklərdən biri ABŞ prezidenti Donald Trampın mövqeyi hesab olunur. Bildirilir ki, Trampın Britaniya Baş nazirinə münasibəti birmənalı deyil və NATO daxilində ABŞ-ın təsiri həlledici rol oynamaqda davam edir.

Digər tərəfdən, Ruttenin özü də bir müddət vəzifədə qalmaq istəyə bilər ki, bu da Starmerin şanslarını azalda bilər.

Britaniya daxilində də Starmerin mövqeyi tam güclü hesab olunmur. O, istefasını elan etsə də, yeni Leyborist lider seçilənədək parlamentdə fəaliyyətini davam etdirəcək. Lakin partiya daxilində dəstəyin bərpası və siyasi nüfuzun möhkəmləndirilməsi onun üçün əsas şərtlərdən biri kimi göstərilir.

Məqalədə qeyd olunur ki, NATO baş katibi postu uğrunda mübarizə gələcəkdə daha da kəskinləşə bilər və namizədlər arasında rəqabət artmaqdadır.

Starmer NATO sammiti çərçivəsində alyans üzvləri ilə görüşərək dəstək toplamaq imkanı qazanacaq. Lakin onun qarşısında həm beynəlxalq, həm də daxili siyasi səviyyədə ciddi maneələr qalır.

Aydın
--> -->