Dünyaca məşhur müğənni Maykl Ceksonun qızı Paris Cekson uşaqlıq və gənclik illərində yaşadığı ağır psixoloji problemlərdən danışıb.
Qaynarinfo xəbər verir ki, 28 yaşlı müğənni depressiya, asılılıq və intihar cəhdlərindən sonra elektro-konvulsiv terapiya (EKT) aldığını açıqlayıb.
Paris Cekson yaxın günlərdə “On Purpose” podkastına qonaq olub. O, yeni albomu "My Happy Life"ın üz qabığının keçdiyi müalicədən ilhamlandığını bildirib.
Müğənninin sözlərinə görə, intihar etməyə “çox, çox yaxın olduğu” dövrdən sonra üç həftə ərzində 9 elektroşok seansı keçirib.

“Sizi yatırırlar və elektrik verirlər”
Paris Cekson EKT prosesini belə təsvir edib: xəstəxanaya getdiyini, xüsusi geyim geyindiyini, ümumi anesteziya altında yuxuya verildiyini, ağız qoruyucusunun taxıldığını və daha sonra elektrik impulslarının tətbiq edildiyini deyib.
O, müalicənin ilk seanslarının ağrılı olduğunu və daha sonra ciddi yan təsirlərlə üzləşdiyini də bildirib.
Ceksonun sözlərinə görə, EKT müalicəyə müsbət təsir göstərib. Bununla belə, o, bu üsulu davamlı şəkildə tətbiq etməyin mümkün olmadığını və əsas məqsədinin müalicə zamanı əldə etdiyi nəticələri gündəlik həyatına inteqrasiya etmək olduğunu vurğulayıb.

Uşaqlıqdan diqqət mərkəzində olub
Maykl Ceksonun qızı uşaqlıq illərindən etibarən daim medianın diqqətində olub. O, anası Debbi Rounu ilk dəfə 15 yaşında gördüyünü açıqlamışdı.
Paris yeniyetməlik dövründən narkotik asılılığı ilə mübarizə apardığını və bu problemdən qurtulmaq üçün dəfələrlə cəhd etdiyini bildirib.
O, 2020-ci ildə ilk albomunu təqdim edib və atasının yolu ilə gedərək müğənnilik karyerasını davam etdirib.
Paris daha əvvəl intihar cəhdləri barədə də danışaraq həmin dövrdə özünə qarşı güclü nifrət, aşağı özgüvən və yaşamağa layiq olmadığını düşünmək kimi hisslər keçirdiyini söyləmişdi.

Hazırda isə müğənni sağalmasını davamlı etmək üçün daha kompleks yanaşmaya üstünlük verdiyini və OKB ilə bağlı davranış mütəxəssisi ilə çalışdığını bildirib.
Paris Cekson həmçinin son altı ildir narkotikdən uzaq olduğunu açıqlayıb.
Aydın
Şərhlər