Ölkə 09:10 28.06.2022

Kürdə suyun səviyyəsi son sutkada 88 sm artıb

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb.

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 28 iyun saat 08:30-a olan məlumata əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.
 
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Kür çayının ərazisində yaşayan əhaliyə xəbərdarlıq edib. U.Tağıyeva  açıqlamasında bildirib ki, son günlərdə ölkə ərazisində, xüsusilə də respublikanın şimal və qərb rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur.

Onun sözlərinə görə, bu gün (dünən) axşam saatlarında Gədəbəy rayonu ərazisində iri dənəli dolu qeydə alınıb: "Qeyri-sabit hava şəraiti qonşu ölkələrdə də müşahidə olunur. Səhər saatlarında Kür Qırakəsəmən məntəqəsində çayın səviyyəsi yarım metrdən artıq (53 sm) olması qeydə alınıb. Proses bu gün gecə ərzində də davam edəcək".

"Sabah (bu gün) gün ərzində Kür çayının yuxarı axınında yüksək sululuq müşahidə olunacaq, daşqın istisna edilmir. Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq edirik ki, Kür çayının yaxınlığında olan şəxslər diqqətli olsunlar. Yerli icra hakimiyyətlərinin də müvafiq tədbirlər görməsi vacibdir.

Yaxın günlər ərazində, yəni iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısa müddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır. Bəzi rayonlara dolu düşəcəyi ehtimalı var" - Xidmət rəisi əlavə edib.