Xəbər lenti

Liseydə güllələnən müəllim əməliyyat olundu (YENİLƏNİB)
Ölkə 16:24 06.02.2026

Liseydə güllələnən müəllim əməliyyat olundu (YENİLƏNİB)

Bu gün Bakıdakı "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Bu barədə Qaynarinfo-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

Xatırladaq ki, bu gün "İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. 

11.34
 
"İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu "İdrak” liseyindən çağırış qeydə alınıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

--> -->