Ötən il ləğv edilən "R.A. International General Trading" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) xaricə külli miqdarda vəsait köçürdüyü məlum olub.
Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Məlum olub ki, 2024-cü il tarixdə Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürüb, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 107.952,16 dollar məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi "R.A İnternational General Trading" MMC-yə məlumat verilməsinə baxmayaraq, şirkət rəhbərliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib və bunun səbəbi barədə məlumat verməyib.
Məhkəmənin qərarı ilə "R.A İnternational General Trading" MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi həcmində - 21.590,43 dollar məbləğində (məzənnə üzrə 36.703,73 AZN) cərimə olunub.
Qeyd edək ki, "R.A İnternational General Trading" MMC 2025-ci ildə ləğv prosesinə başlayıb və rəsmi olaraq fəaliyyətinə xitam verilib. Ləğv etmə dövründə şirkətin baş direktoru Səfərli Vasif Salman oğlu olub. Rəsmi sənəddə nizamnamə kapitalı 10 manat olan MMC-nin hazırda qanuni təmsilçisi Vəliyev Taleh Xalid oğlu göstərilir.
Aydın
Şərhlər