“Mançester Siti” Mərakeş millisinin yarımmüdafiəçisi Ayyub Buaaddini “Lill”dən 85,6 milyon funt-sterlinqə (100 milyon avro) transfer edib.
Qaynarinfo xəbər verir ki, 18 yaşlı futbolçu beynəlxalq icazənin alınması şərtilə beşillik müqaviləyə imza atıb. “Mançester Siti” transfer üçün ilkin olaraq 81,4 milyon funt-sterlinq ödəyəcək, daha 4,2 milyon funt-sterlinq isə bonuslar şəklində nəzərdə tutulub.
Enzo Mareskanın komandası Buaaddini mərkəz yarımmüdafiəçiləri Rodrini 65 milyon funt-sterlinqə “Barselona”ya, Tijani Reyndersi isə 52 milyon funt-sterlinqə “Əl-Qadsiyyə”yə satdıqdan sonra transfer etmək qərarına gəlib.
Buaaddi bu yay keçirilən dünya çempionatında Mərakeş millisinin heyətində diqqət çəkib. O, komandanın turnirdə keçirdiyi altı oyunun beşində start heyətində yer alıb və Mərakeşin 1/4 finala yüksəlməsinə kömək edib. Futbolçu bundan əvvəl də “Lill”in Liqa 1-də əsas oyunçularından birinə çevrilmişdi.
“Bu, mənim və ailəm üçün çox xüsusi gündür. “Mançester Siti” mənim üçün dünyanın ən yaxşı klubudur. Burada olmaq və özümü “Siti”nin futbolçusu adlandırmaq arzum idi”, deyə Buaaddi bildirib.
O əlavə edib: “Həyatımın böyük hissəsini ən yaxşı futbolçu olmaq və bu idmanda zirvəyə çatmaq üçün çalışaraq keçirmişəm. Uzun illərdir “Siti”nin oyunlarını izləyirəm və onların oyun üslubunu sevirəm. “Siti” həmişə keyfiyyətli futbol oynamağa çalışır. Klub qalib olduğunu dəfələrlə nümayiş etdirib və buranın qələbə üçün qurulduğu hiss olunur”.
Buaaddi 2023-cü ildə debüt etdikdən sonra “Lill”in heyətində 96 oyuna çıxıb. O, ötən mövsüm komandanın Liqa 1-də üçüncü yeri tutmasına kömək edib.
Futbolçu 16 yaşında Avropa Liqasında Farer adalarının “Kİ” klubuna qarşı keçirilən oyunda meydana çıxaraq “Lill”in əsas komandasında forma geyinən ən gənc futbolçu olub. O, 2024-cü ildə Çempionlar Liqasında “Real Madrid” üzərində qazanılan qələbədəki parlaq çıxışı ilə dünya futbolunda da adından söz etdirib.
Buaaddi yenilənmiş yarımmüdafiə xəttinin bir hissəsi olacaq. “Mançester Siti” bundan əvvəl İngiltərə millisinin yarımmüdafiəçisi Elliot Andersonu “Nottingem Forest”dən 116 milyon funt-sterlinqə transfer edib.
Dərin mövqedə oyunqurucu kimi çıxış edən Buaaddinin Andersonla yaxşı tandem təşkil edəcəyi gözlənilir. Anderson həm cərimə meydançasından cərimə meydançasına qədər oynayan yarımmüdafiəçi, həm də İngiltərə millisində çıxış etdiyi altı nömrəli mövqedə rahatdır.
“Mançester Siti”nin “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandesa da təklif göndərməsi gözlənilir. Lakin dəyəri 120 milyon funt-sterlinq qiymətləndirilən 25 yaşlı futbolçu ilə bağlı razılaşmanın əldə olunub-olunmayacağı hələ məlum deyil.
Buaaddinin transferi braziliyalı vinger Savinyonun, hazırda Savio adı ilə çıxış edir, həftənin əvvəlində 75 milyon funt-sterlinq qarşılığında “Tottenhem”ə keçməsindən sonra reallaşıb.
“Tottenhem” həmçinin “Mançester Siti”nin misirli hücumçusu Ömər Marmuşu icarəyə götürmək barədə razılığa gəlib. İspaniyalı yarımmüdafiəçi Niko Qonzales isə 52 milyon funt-sterlinqə “Nyukasl”a keçmək üçün Mareskanın komandasından ayrılmağa hazırlaşır.
Aydın
Şərhlər