Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun) çıxış edəcəklər.
Xalq artisti Mənsum İbrahimov Qaynarinfo-ya açıqlamasında artıq bir neçə ildir ki, meydanı gənclərə verdiyini vurğulayıb:
"Mən ildə bir dəfə "Məcnun" rolunu ifa edirəm. O da gənclərə bir ustad dərsi kimi təqdim olunur. Bu opera yanvarın 12-də yaranıb. Mən də həmin günü tamaşaçıların xahişini nəzərə alaraq "Məcnun" rolunda səhnəyə çıxıram. Bu gün isə hər ay tamaşa oynanılır. Biz mütəmadi olaraq hər ay nümayiş olunan tamaşalara gedirik, gəncləri dəstəkləyirik".
Mənsum İbrahimov hazırda səhnədə 9-10 gənc "Leyli" və "Məcnun"un olduğunu bildirib:
"Onların hər birinin ifası bizim üçün maraqlıdır. İnanıram ki, yaxın gələcəkdə “Leyli” və “Məcnun”larımızın sayı artacaq”.
Bahar Rüstəmli
Şərhlər