Xəbər lenti

"Məktəblərdə vahid geyim qaydaları sosial və mənəvi bərabərliyi təmin edir" - Şahbaz Musayev
Ölkə16:01 12.10.2026

"Məktəblərdə vahid geyim qaydaları sosial və mənəvi bərabərliyi təmin edir" - Şahbaz Musayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabinetinin məktəblərdə geyim qaydaları ilə bağlı qəbul etdiyi qərar vahid məktəb mühitinin formalaşdırılması, şagirdlər arasında sosial fərqlərin azaldılması və təhsil müəssisələrində nizam-intizamın qorunması məqsədi daşıyır. Vahid geyim qaydalarının tətbiqi eyni zamanda dünyəvi təhsil prinsipləri və məktəblərdə ümumi davranış standartlarının qorunması baxımından əhəmiyyətli hesab olunur.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən realizm və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev Qaynarinfo-ya açıqlamasında qərarı müsbət qiymətləndirdiyini bildirib.

Onun sözlərinə görə, qərarın mahiyyətini nəzərə almadan onu insan hüquq və azadlıqlarının pozulması kimi təqdim etmək düzgün yanaşma deyil:

“Nazirlər Kabinetinin məktəblərdə geyimlə bağlı qəbul etdiyi qərarı alqışlayıram. Amma təəssüf ki, cəmiyyətin bəzi üzvləri qərarın mahiyyətini başa düşmədən onu başqa yerə yozurlar, guya insan haqlarının pozulması kimi dəyərləndirirlər. Əlbəttə ki, bu belə deyil. Azərbaycan Respublikasının Konstitusiyasında bütün vətəndaşların hüquqları, azadlıqları təsbit olunur. Konkret olaraq məktəblərdə həm təhsil alanların, həm də təhsil verənlərin vahid formada geyinməsi, müəllimlərin ciddi, yüksək səviyyəli geyinməsi bu günün tələblərindəndir, vacib məsələdir. Bu, eyni zamanda beynəlxalq təcrübədə, hüquq normalarında və Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb”.

Şahbaz Musayev qeyd edib ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqini dini inanclara qarşı addım və ya müəyyən şəxslərin hüquqlarının pozulması kimi qiymətləndirmək yanlışdır. Bu məsələdə Konstitusiyada təsbit olunmuş vicdan azadlığı və dövlət-din münasibətlərinə dair müddəaların nəzərə alınmasının vacibdir:

“Bəzi şəxslər isə bu vahid formanı, ciddi geyim formasını hansısa dairələrin hüquqlarının pozulması kimi qiymətləndirirsə, guya inanca qarşı çıxmış addım kimi dəyərləndirirsə, bu, kökündən yanlış bir məsələdir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsində vicdan azadlığı deyilən maddə var. Həmin maddədə qeyd olunur ki, hər kəsin dinə münasibətini, belə deyək, müstəqil şəkildə ifadə etmək hüququ var. Konstitusiyamızda hər kəsin hüquqları qorunur, heç kəsin hüquqları məhdudlaşdırılmır. Amma söhbət ondan gedir ki, bizim Konstitusiyamızda din və dövlətlə bağlı maddə də var. Orada qeyd olunur ki, din dövlətdən ayrıdır və Azərbaycan Respublikasında təhsil sistemi dünyəvi xarakterlidir”.

Alimin fikrincə, vahid geyim qaydalarına əməl olunması məktəblərdə sosial və mənəvi bərabərliyin güclənməsinə, eləcə də tədris prosesinin daha səmərəli təşkilinə müsbət təsir göstərə bilər. O, valideynləri və digər şəxsləri qəbul edilmiş qaydalara riayət etməyə çağırıb:

“Ona görə də hesab edirəm ki, hər bir valideyn də, hər bir şəxs məktəbə gələrkən Nazirlər Kabinetinin qəbul etdiyi qərara, onun normalarına əməl etsin. Əslində, bu qaydalar çox faydalıdır. Bu, sosial və mənəvi bərabərliyi təmin edir. Həm şagirdlər arasında, həm də müəllimlər arasında. Yəni bu qərarın qəbulu əslində Azərbaycan cəmiyyətinin daha sıx birləşməsinə, tədrisin daha keyfiyyətli təşkilinə əlavə stimul verəcək, kömək edəcək”.

Aydın