Xəbər lenti

İdman 17:23 26.06.2022

Məmmədyarov Rəcəbovun uğursuzluğunu şərh etdi: "Biz Teymurdan sadəcə..."

Azərbaycanın tanınmış şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov komanda yoldaşı Teymur Rəcəbovun hazırda davam edən İddiaçılar Turnirindəki çıxışını şərh edib.

Qaynarinfo xəbər verir ki, 37 yaşlı qrossmeyster "Facebook" səhifəsində yazdığı statusda yarışın Rəcəbov üçün çətin keçəcəyinin gözlənilən olduğunu qeyd edib:

"İddiaçılar Turnirinin ilk mərhələsinin bitməsini nəzərə alaraq sizinlə fikirlərimlə bölüşmək istəyirəm. Öncə bildirim ki, hamımızın fikri Teymurun oyunundadır. Ümumiyyətlə, Teymurun bu turnirdə oynaması artıq Azərbaycan üçün böyük uğurdur və hamımız onun qalib gəlməsini istəyirik. Lakin son zamanlar az oynaması və oynadığı son "Norway Chess" turnirindəki çıxışı İddiaçılar Turnirinin onun üçün ağır keçəcəyını göstərirdi. İlk 7 oyun da əfsuslar olsun ki, onu göstərir. Biz Teymurdan sadəcə bir neçə gözəl qələbə gözləyirik, o, buna layiqdir".

Məmmədyarov yarış cədvəlinin liderləri Yan Nepomnyaşi və Fabiano Karuananın oyunları barədə də fikirlərini bölüşüb:

"Turnirə gəldikdə isə fikrimcə, ən yaxşı oyunu Fabiano göstərir. Ən əzmkar mübarizəni və fantastik oyunu Yan göstərir. Fikrimcə turnirin ən vacib oyunu 2-ci turda idi. Fabianonun çox yaxşı vəziyyətdə Yan ilə heç heçəyə razılaşması oldu, lakin oynamalı idi, vəziyyət buna imkan verirdi. Bu, turnirin ən vacib anlarından ola bilər. İnanıram ki, Dina və Alireza ikinci mərhələdə daha yaxşı oyun göstərəcəklər, amma artıq 1-ci olmaq üçün gec olacaq. Hamımıza yarışın qalan hissəsində gözəl və maraqlı oyunlar izləməyi arzu edirəm. Ümidvaram ki, növbəti İddiaçılar Turnirində özüm də oynayacağam".

Qeyd edək ki, İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində 7 tur geridə qalıb. Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2,5 xal toplayıb və Alireza Firuzca (Fransa) ilə 7-8-ci sıraları bölüşdürür. FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi 5,5 xalla birinci, ondan yarım xal az toplayan ABŞ qrossmeysteri Fabiano Karuana ikinci yerdədir. 

Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->