Azərbaycanlıların Ermənistan ərazisindən deportasiyasına həsr olunmuş “Yoxa çıxmış sivilizasiya — diqqətdən kənarda qalan fəlakət” adlı kitab-layihəsi Ukraynada təqdim olunub.
Qaynarinfo.az -ın verdiyi xəbərə görə, Kuzari* adlı müəllifin bu layihəsi Cənubi Qafqazda unudulmuş bir faciəyə həsr olunan sənədli araşdırmadır və müəllif araşdırmanın əsasında Moskvanın uzunmüddətli imperiya siyasətinin dayandığını bildirir.
Söhbət bölgədə türk sivilizasiyasının nisbətən yaxın keçmişdə, 1827-ci ildən 1988-ci ilədək davam edən “yoxa çıxması” prosesindən gedir. Müəllif “yoxa çıxma” ifadəsini məcazi mənada işlətmir. Araşdırmada bildirilir ki, bu anlayışın arxasında türk əhalisinin müasir Ermənistan ərazisindən zorakılıq yolu ilə sıxışdırılmasının bir neçə dalğası dayanır.
Araşdırmada qeyd olunur ki, yüz minlərlə insan evlərini tərk etməyə məcbur olub, sovet dövründə isə daha 150 minə yaxın insan təşkil edilmiş köçürülmə və deportasiyaya məruz qalıb. Araşdırmada müsəlman əhaliyə qarşı kütləvi qətllər ayrıca və ən qanlı səhifə kimi təqdim edilir, qurbanların sayının 250 mindən çox olduğu bildirilir.
Əvvəlcə araşdırmanın qısaldılmış versiyası satışa çıxarılacaq. Bu nəşrin daha yığcam olduğu və kitabla ilk tanışlıq üçün nəzərdə tutulduğu bildirilir. Qısaldılmış versiya oxucunun sənədlərin bütün həcminə dərhal daxil olmasına ehtiyac yaratmadan araşdırmanın əsas məntiqini və başlıca nəticələrini təqdim edir.
Yaxın vaxtlarda tam nəşrin də işıq üzü görəcəyi gözlənilir. Araşdırmanın tam versiyası ilə indidən tanış olmaq istəyənlər üçün elektron variant kitabın rəsmi “perishedcivilization.com” saytında təqdim olunub.

Araşdırmada Moskvanın rolu əsas mövzulardan biri kimi göstərilir. Müəllifin qənaətinə görə, məhz Rusiya bölgə üzərində nəzarət qurduqdan sonra regionun etnik xəritəsinin məqsədyönlü şəkildə dəyişdirilməsi prosesi başlanıb. Araşdırmada bildirilir ki, hakimiyyət ermənilərin bölgəyə köçürülməsini təşviq edib, onlara imtiyazlar verib, azərbaycanlılar (türk əhali) isə getdikcə ayrı-seçkiliklə üzləşən tərəfə çevrilib.
Hadisələrin şahidlərindən biri, İrəvanda doğulmuş və 1971-ci ilədək orada yaşamış Asif Məmmədov "Kuzari"yə müsahibəsində belə deyib:
“Elə bir vəziyyət yaranmışdı ki, məsələn, gənclərin işə düzəlməsi çətin idi. Azərbaycanlı idinsə, yüksək vəzifə tuta bilmirdin”.
Araşdırmada Moskvanın imperiya siyasəti türklərlə ermənilər arasında dərin düşmənçiliyin yaranmasının əsas amillərindən biri kimi qiymətləndirilir. Müəllifin fikrincə, bu düşmənçilik sonradan qanlı qarşıdurmalara və türklərin kütləvi şəkildə sıxışdırılmasına gətirib çıxarıb.
Araşdırmanın hazırlanması zamanı istifadə edilən yüzlərlə arxiv sənədi və siyahıyaalma materialının türk-müsəlman əhalinin əsrlər boyu müasir Ermənistan ərazisində yaşadığını göstərdiyi bildirilir. Məqalədə vurğulanır ki, bunu yalnız statistik məlumatlar deyil, şəhərlərdə qalmış məscidlər, müsəlman qəbiristanlıqları, hamamlar, karvansaralar və digər abidələr də təsdiqləyir.
"Kuzari" komandası bu məqsədlə ərazilərə səfər edib, qorunub saxlanmış obyektlərin fotolarını çəkib və toplanmış materialları kitabın saytında dərc edib.
Kitab üzərində iş zamanı “Kuzari” “yoxa çıxma” prosesinin hələ də həyatda olan 50-yə yaxın şahidinin ifadələrini lentə alıb.
1954-cü ildə Ermənistanın şimalındakı Kürsəli kəndində — indiki Arcaqovitdə — doğulmuş və 1988-ci ilədək orada yaşamış Səmaya Hüseynova belə xatırlayır:
“Ermənilər orada bizim xalqımızı məhv etdilər, qırdılar”.
1988-ci ildə ailəsi ilə birlikdə indiki Ermənistan ərazisindəki doğma kəndini tərk edən Əziz Ağacanov isə deyib:
“O zaman heç kim bu qədər insanın köçürüləcəyini və doğma yerlərini tərk edəcəyini təsəvvür edə bilməzdi. 1988-ci ildə köç başlanmışdı...”
Şahidlərin tam videomüsahibələri kitabın saytının “Vizual” bölməsində yerləşdirilib.
Məqalədə qeyd olunur ki, “Kuzari”nin nəticələri mücərrəd mülahizələrə deyil, 1765 mənbəyə — kitablara, arxiv sənədlərinə və dövrün şahid ifadələrinə əsaslanır. Bu mənbələr tarixi dövrlər üzrə sistemləşdirilib və kitabın rəsmi saytında təqdim olunub.
Müəllif daha sonra bildirir ki, sənədlər özlüyündə danışır. Məqalənin müəllifinə görə, onilliklər ərzində əvvəlcə Rusiya imperiyası, daha sonra Sovet İttifaqı ermənilərlə türkləri qarşı-qarşıya qoyub və tərəflər arasında yaradılan düşmənçilik nəticədə Cənubi Qafqazı qanlı müharibələr meydanına çevirib.
Məqalədə bildirilir ki, yalnız 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalar nəticəsində uzun illər davam edən bu qarşıdurmaya son qoyulub.
Müəllifin fikrincə, Moskva onilliklər boyu Cənubi Qafqaz xalqları arasındakı ziddiyyətlərdən əsas nəzarət vasitələrindən biri kimi istifadə etməklə regiondakı təsirini qoruyub. Məqalədə Rusiya imperiya siyasətinin münaqişələri aradan qaldırmaq əvəzinə, bir çox hallarda onları dondurduğu və bölgəni xarici arbitrdən asılı vəziyyətdə saxladığı vurğulanır.
Qarabağ məsələsi də buna nümunə kimi göstərilir. Məqalədə qeyd olunur ki, 2023-cü ildə Azərbaycan bu ərazi üzərində suverenliyini bərpa etdikdən sonra Rusiyanın bölgədəki əsas təsir rıçaqlarından biri aradan qalxıb.
Müəllif yazır ki, bu gün Ermənistan və Azərbaycan təxminən iki əsr davam edən münaqişələrə, düşmənçiliyə və üçüncü qüvvələrin müdaxiləsinə baxmayaraq, sülh yolunu seçiblər. Məqalənin yekununda vurğulanır ki, uzun müddətdən sonra ilk dəfə regionun gələcəyi Moskvada və ya xarici vasitəçilər tərəfindən deyil, Cənubi Qafqaz xalqlarının özləri tərəfindən müəyyənləşdirilir.
Aydın
Müəllif haqqında
Kuzari* - XI–XII əsrlərdə müsəlman mədəniyyətinin iri mərkəzlərindən birinin adından götürülmüş təxəllüsdür. Mütəxəssislər bu təxəllüsdə müəllifin mənşəyinə dair eyhamı anlaya bilərlər.
Ukrayna vətəndaşıdır, Dnepropetrovsk Dövlət Universitetinin tarix fakültəsini bitirib. 30 ildən artıqdır Yaxın Şərq, Mərkəzi Asiya və Qafqazın etnik və dini tarixi ilə məşğul olur. Adları çəkilən hər üç regionda çalışıb. O cümlədən, uzun müddət Mərkəzi Asiya respublikalarından birinin xarici siyasət qurumunda məsləhətçi olub.
Əsas fəaliyyət sahəsinin xüsusiyyətlərinə görə müəllif şəxsi məlumatlarını açıqlamaq hüququna malik deyil. Onun haqqında deyilə biləcək yeganə məlumat budur ki, müəllif Cənubi Qafqaz xalqlarından heç birinə mənsub deyil. Bununla belə, o, təxminən yeddi il Qafqazda yaşayıb, Ermənistan, Azərbaycan və Dağıstanda müstəqil şəkildə sahə araşdırmaları aparıb və bu cür tədqiqatlara rəhbərlik edib.
Şərhlər