XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşları üçün qanunda hansı qaydalar var?
Ölkə13:15 13.08.2026

Əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşları üçün qanunda hansı qaydalar var?

Azərbaycan Respublikasının Ailə Məcəlləsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə nikahın bağlanması, xaricdə bağlanan nikahların tanınması və nikahın pozulması ilə bağlı xüsusi qaydalar müəyyənləşdirilib.

Qaynarinfo xəbər verir ki, Ailə Məcəlləsinin 146-cı maddəsinə əsasən, Azərbaycanda nikahın bağlanmasının forma və qaydaları ölkə qanunvericiliyi ilə müəyyən edilir.

Əcnəbi şəxslə Azərbaycanda nikah bağlanarkən isə onun nikaha daxil olması üçün tələb olunan şərtlər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə uyğun müəyyən edilir. Bununla yanaşı, Azərbaycan qanunvericiliyində nikaha mane olan hallarla bağlı tələblərə də əməl olunmalıdır.

Vətəndaşlığı olmayan şəxslə nikah bağlanarkən isə nikahın şərtləri həmin şəxsin daimi yaşadığı ölkənin qanunvericiliyinə əsasən müəyyən edilir.

Xaricdə nikah bağlayan Azərbaycan vətəndaşları

Qanunvericiliyə görə, Azərbaycan vətəndaşları arasında, eləcə də Azərbaycan vətəndaşı ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında xarici ölkədə həmin ölkənin qanunvericiliyinə uyğun bağlanmış nikah, nikahın bağlanmasına mane olan hallar olmadıqda, Azərbaycanda da etibarlı hesab edilir.

Eyni zamanda, xarici ölkədə əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə uyğun bağlanmış nikah da Azərbaycanda tanınır.

Diplomatik nümayəndəliklərdə nikah

Xaricdə yaşayan Azərbaycan vətəndaşları bir-biri ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluq idarələrində Ailə Məcəlləsinin tələblərinə uyğun nikah bağlaya bilərlər.

Bundan başqa, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərində və konsulluq idarələrində əcnəbilər arasında bağlanan nikah Azərbaycan Respublikasında etibarlı hesab edilir.

Nikahın etibarsız sayılması

Nikahın etibarsız hesab edilməsi onun harada bağlanmasından və nikah zamanı hansı ölkənin qanunvericiliyinin tətbiq edilməsindən asılıdır. Belə nikahların etibarsız sayılması Ailə Məcəlləsinin 146 və 148-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Əcnəbi ilə nikahın pozulması

Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə xaricdə bağladığı nikah Azərbaycanda Azərbaycan qanunvericiliyinə uyğun olaraq pozula bilər.

Həmçinin xaricdə yaşayan Azərbaycan vətəndaşı xaricdə yaşayan həyat yoldaşı ilə, onun vətəndaşlığından asılı olmayaraq, Azərbaycan məhkəmələrində nikahı poza bilər.

Əgər qanunvericilik nikahın məhkəmədənkənar, müvafiq icra hakimiyyəti orqanında pozulmasına imkan verirsə, belə nikah diplomatik nümayəndəliklərdə və ya konsulluq idarələrində də pozula bilər.

Günay