Avropa İttifaqı Avropa xaricindən idxal olunan məhsullarda pestisid qalıqları ilə bağlı təhlükəsizlik tələblərini sərtləşdirmək istəyir. Bu, idxalın azalmasına və nəticədə qəhvə və sitrus meyvələri də daxil olmaqla bir sıra məhsulların avropalı istehlakçılar üçün bahalaşmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" yazıb.
Birgə Tədqiqat Mərkəzinin (JRC) nəticələrinə görə, Aİ xaricindəki istehsalçılar yeni qaydalara uyğunlaşmasa, qəhvənin qiyməti 332 faiz, sitrus meyvələrinin qiyməti isə 82 faiz arta bilər. Bu, ən pis ssenaridir. Belə halda Avropa İttifaqına kənd təsərrüfatı məhsullarının idxalı 41 faiz azalacaq, heyvandarlıq təsərrüfatları isə yem xərclərinin kəskin artması ilə üzləşəcək.
Xarici istehsalçıların yeni tələblərə uyğunlaşacağı daha yumşaq ssenarilərdə belə istehlak qiymətləri yüksələcək, Aİ-yə kənd təsərrüfatı məhsullarının idxalı isə azalacaq. Bununla yanaşı, bu vəziyyət daxili istehsalın artımını stimullaşdıracaq.
Tədqiqatın nəticələri Brüsseli çətin siyasi seçim qarşısında qoyur: Avropalı fermerlərin yeni etirazlarının qarşısını almaq, yoxsa istehlakçıların cibinə zərbə vurmaq.
Təşəbbüs xarici istehsalçılarla bərabər rəqabət şərtləri təmin etmək istəyən avropalı fermerlər arasında populyardır. Bu tədbir qismən Argentina, Braziliya, Paraqvay və Uruqvayın daxil olduğu MERCOSUR bloku ilə ticarət sazişindən narazı olan fermerlərin etirazlarını azaltmağa hesablanıb.
Tənqidçilər bildirirlər ki, təşəbbüs beynəlxalq ticarət qaydalarına ziddir, çünki faktiki olaraq Aİ qaydalarını xarici istehsalçılara da tətbiq edir. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrində fermerlərin fərqli zərərvericilər, iqlim şəraiti və kənd təsərrüfatı xüsusiyyətləri ilə üzləşməsi nəzərə alınmır.
"Seçim bütün il boyu əlçatan, faydalı, təhlükəsiz və münasib qiymətə olan giləmeyvələrlə yüksək qiymətə məhdud istehsal arasında edilir", deyə Mərakeş Qırmızı Giləmeyvə İstehsalçıları Assosiasiyasının prezidenti Amin Bennani bildirib.
Onun sözlərinə görə, Brüsselin "standartların uyğunlaşdırılması" adlandırdığı proses praktikada "ticarət maneəsinə" çevrilir. Problemlər yalnız Mərakeşdəki giləmeyvə istehsalçılarına aid deyil.
Oxşar narahatlıqları digər istehsalçılar, o cümlədən Kanadanın taxıl və paxlalı bitkilər sektoru, Braziliyanın heyvandarlıq və fermerlər ittifaqı, eləcə də Kaliforniyanın badam sektoru nümayəndələri də ifadə ediblər.
Müxtəlif ölkələrin istehsalçıları bir məsələdə həmfikirdirlər: pestisid qalıqları üçün icazə verilən səviyyələr artıq məhsulların insan sağlamlığı üçün təhlükəsiz istehlakını təmin edəcək şəkildə müəyyənləşdirilib.
İstehsalçılar üçün əlavə qeyri-müəyyənlik yaradan məqam Avropa Komissiyasının yeni tələblərin konkret olaraq hansı qadağan olunmuş pestisidlərə şamil ediləcəyini hələ müəyyənləşdirməməsidir. JRC-nin araşdırmasında qalıq miqdarlarına görə qadağaya düşə biləcək 18 aktiv maddənin adı çəkilir. Bu, 86 ölkədə 235 növ kənd təsərrüfatı məhsuluna təsir göstərə bilər.
Aydın
Şərhlər