İdman 12:16 08.12.2023

Poqbanın karyerasını bitirirlər

Dopinq testi qalmaqalından sonra Poqbanın karyerası təhlükə altına düşüb. 

Qaynarinfo-nun məlumatına görə, İtaliya məhkəməsi fransız ulduz üçün çox sərt cəza tələb edir ki, bu da onun karyerasının sonu ola bilər. Belə ki, məhkəmə "Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi üçün dördillik cəza tələb edir.

Keçən yay Mançester klubunda altıillik karyerasını başa vuran və "Yuventus"a transfer olunan Poqba avqustun 20-də "Udineze” ilə oyundan sonra qadağan edilmiş maddə testi müsbət çıxdıqdan sonra müvəqqəti olaraq futboldan kənarlaşdırılıb. Növbəti, B testi də müsbət çıxan Fransa millisinin üzvündə testosteron ifrazını artıran maddə aşkarlanandan sonra o, artıq sanksiyaları gözləməyə məcburdur. 

"Yuventus"un mətbuat katibi, Romeo Aqrestinin sözlərinə görə, prokurorlar Poqbanın dünya antidopinq qaydalarına görə məcburi dördillik qadağa ilə üzləşməsini istəyiblər. Cəza təyin olunarsa, futbolçu 34 yaşına qədər sıradan çıxacaq və fiziki durumunda yaranan problemlərdən sonra onun karyerası bitə bilər. 

Fransa Milli Komandası ilə Dünya Kuboku çempionu olan yarımmüdafiəçi zədələr səbəbindən "Yuventus”da cəmi 12 matçda iştirak edib.

2024-cü ilin əvvəlində keçiriləcək son dinləmələrdən sonra Poqbanın daha az müddətə cəzalana biləcəyi də vurğulanır. Bununla yanaşı futboldan tamamilə uzaqlaşdırılması gündəmdə olduğu üçün "Yuventus"la müqavilənin ləğv ediləcəyi gözlənilir. Poqbanın İtaliya klubu ilə müqaviləsi normal şəraitdə 2026-cı ildə başa çatacaq.

Səbuhi Həsənov