XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir
Ölkə13:35 06.09.2026

Qazi: Şuşanın hər daşı, hər qayası xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir

Şuşa Azərbaycanın tarixidir, mədəniyyətidir, milli qürurudur. Bu şəhərin hər daşı, hər qayası, hər cığırı xalqımızın keçdiyi ağır və şərəfli yolun canlı şahididir. Ona görə də Şuşanın təbiətinə və tarixi məkanlarına münasibət sadəcə ekoloji və ya turizm mədəniyyəti məsələsi deyil, milli yaddaşa münasibət məsələsidir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Vətən müharibəsi qazisi, "Naxçıvan Qaziləri" İctimai Birliyinin təsisçisi Əli Əlisoy deyib.

O bildirib ki, son günlər Şuşada bəzi şəxslərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə ad və müxtəlif ifadələr yazması yolverilməzdir. Bu qayalar sadəcə daş deyil, Şuşada və bu torpaqlarda yaşanan tarixin şahididir.

Vətən müharibəsi iştirakçısı olduğunu, Füzuli istiqamətində yaralandığını və bədənində 500-dən artıq tikişin izini daşıdığını qeyd edən qazi deyib ki, işğaldan azad edilmiş torpaqlara baxarkən görünən mənzərənin arxasında böyük qurbanlar və ağrılar dayanır.

“Şuşanın qayasına yazılan hər bir yazı məni incidir. Biz 30 il ərzində düşmənin bu torpaqlara vurduğu zərəri gördük. Azad etdiyimiz torpaqlara indi öz əlimizlə zərər verməməliyik. Şuşa sadəcə turizm məkanı deyil, Qarabağın ürəyi və Zəfərimizin rəmzidir. Gəlin Şuşaya öz izimizi qoymağa yox, onun tarixini yaşatmağa gedək. Qayaya ad yazmağa ehtiyac yoxdur – Şuşanın daş yaddaşında bundan daha böyük bir tarix var”, – deyə Əli Əlisoy vurğulayıb.