Misir məhkəməsi teleaparıcı Sara Xəlifə və daha 11 nəfəri narkotiklərlə bağlı ittihamlar üzrə ölüm cəzasına məhkum edib.
Qaynarinfo-nun “Al Jazeera”yə istinadla verdiyi xəbərə görə, Qahirə Cinayət Məhkəməsi təqsirləndirilən şəxsləri narkotik maddələrin istehsalında istifadə olunan materialları təmin edən mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirli bilərək barələrində ölüm hökmü çıxarıb. Bu barədə dövlətə bağlı “Al-Ahram” xəbər agentliyi şənbə günü məlumat yayıb.
Ümumilikdə 28 nəfərin təqsirləndirildiyi iş üzrə 750 kiloqramdan çox narkotik maddə aşkar edilib. Məhkəmə digər doqquz nəfəri ömürlük azadlıqdan məhrum edib, yeddi nəfərə isə bəraət verib.
39 yaşlı Sara Xəlifə özəl “Al-Mehvar” televiziya kanalında yayımlanan “Mission Impossible” adlı təhlükəsizlik və cinayət mövzulu proqramın aparıcısı kimi tanınır.
O, həmçinin kosmetik cərrahiyyə klinikasının və tədbirlərin təşkili ilə məşğul olan şirkətin sahibidir. “Instagram”da onun iki milyondan çox izləyicisi var.
Xəlifə ittihamları rədd edib. O, istintaqçılara “heç vaxt siqaret çəkməmişəm” deyərək günahsız olduğunu bildirib.
Misir mediasının məlumatına görə, Xəlifə məhkəmə zamanı ağlayaraq hakimdən mərhəmət istəyib. O deyib:
“Xahiş edirəm, mənə qulaq asın, cənab hakim. Valideynlərim məni yaxşı tərbiyə ediblər; onlar ibadət edən insanlardır və mənim narkotikdən əldə olunan pula ehtiyacım yoxdur”.
Prokurorluğun məlumatına görə, qrup sintetik narkotik maddələrin istehsalında istifadə olunan xammalı xaricdən idxal edib və materialları yaşayış evlərində saxlayıb. Qrup üzvləri təchizat, istehsal və paylama işlərini öz aralarında bölüşdürüblər. İstintaqçılar narkotik maddələrlə yanaşı, lisenziyasız silah və sursat da maddi sübut kimi aşkar ediblər.
Prokurorluq bildirib ki, qrup yaşayış evlərindən həm materialların saxlanılması, həm də narkotik maddələrin hazırlanması üçün istifadə edib.
Məhkəmə hökmü Misirin böyük müftisinin dini rəyi alındıqdan sonra çıxarılıb. Bu rəy məhkəmə üçün hüquqi baxımdan məcburi olmasa da, ölüm hökmünün çıxarılması prosedurunun tələb olunan mərhələlərindən biridir. Hökm kassasiya qaydasında şikayət edilə bilər. Son məhkəmə islahatlarına əsasən, təqsirləndirilən şəxslərin yekun qərardan iki dəfə şikayət vermək hüququ var.
Sara Xəlifə 2025-ci ilin aprelində istintaq çərçivəsində həbs olunub. Başqa bir iş üzrə isə eyni məhkəmə şənbə günü onu sürücüsünə hücum etməyə görə üç il müddətinə azadlıqdan məhrum edib.
Misirdə narkotik qaçaqmalçılığı, terrorizm və qəsdən adam öldürmə kimi cinayətlərə görə ölüm cəzası tətbiq olunur.
Aydın
Şərhlər