Xəbər lenti

Qərar qəbul etmə zamanı beynin tam aktivliyi necə olur? - Alimlər kəşf etdi
Sağlamlıq 11:42 04.09.2025

Qərar qəbul etmə zamanı beynin tam aktivliyi necə olur? - Alimlər kəşf etdi

Kiçik sükanları hərəkət etdirərək ekrandakı fiqurları idarə edən siçanlar alimlərə qərarların beyində necə formalaşdığını anlamağa imkan verib. İlk dəfə alimlərə məməlilərin beynində qərar qəbuletmə prosesinin hər bir hüceyrə səviyyəsində xəritəsini yaratmaq mümkün olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering” yazır.

Prinston Universitetinin neyrobiologiya üzrə professoru, fəlsəfə doktoru İlana Vittenin sözlərinə görə, beyin gündəlik həyat ərzində daima qərarlar qəbul edir.

"Biz başa düşdük ki, qərar qəbuletmədə bir və ya iki deyil, beynin çoxlu sahələri iştirak edir”, deyə o izah edib.

Qeyd olunur ki, Vitten həmkarları ilə birlikdə Beynəlxalq Beyin Laboratoriyasının standartlaşdırılmış yanaşmasından istifadə edərək davranış zamanı neyron aktivliyini izləyib. Müxtəlif laboratoriyalardan toplanmış məlumatları birləşdirərək, onlar qərar qəbuletmə prosesinin mürəkkəbliyini beyində əks etdirə biliblər.

Nəticədə 139 siçanın beyninin 279 sahəsində 600 mindən çox neyronu əhatə edən məlumat bazaları yaradılıb.

Eyni zamanda bütün beynin xəritələnməsi asan məsələ deyil. Tədqiqatın müəlliflərindən biri, doktor Alehandro Pan Vaskes bildirib:

"Belə bir şey indiyədək edilməyib. Müxtəlif laboratoriyalardan məlumatları inteqrasiya etmək üçün təşkilati sahədə çoxlu yeniliklər tətbiq etmək lazım gəldi. Bu, neyrobiologiyada belə böyük əməkdaşlığın ilk halı oldu”.

Eksperimental qurğu isə olduqca sadə idi. Siçanlar ekrana baxır, orada solda və ya sağda qara-ağ zolaqlı dairə görünür. Siçan kiçik sükanı çevirərək dairəni mərkəzə gətirir, bunun müqabilində isə ona bir qurtum şəkərli su verilir, çox vaxt bir saniyə ərzində.

"Bəzi dairələr zəif görünürdü ki, bu da siçanları əvvəlki təcrübəyə əsaslanmağa məcbur edirdi və tədqiqatçılara gözləntilərə əsaslanan qərar qəbuletməni müşahidə etmək imkanı yaradırdı”, deyə materialda qeyd olunur.

Ona görə də xəritə göstərdi ki, qərar qəbuletmə ilə bağlı fəaliyyət beynin ənənəvi olaraq idrak funksiyaları ilə deyil, daha çox hərəkətlə əlaqələndirilən sahələrində də geniş yayılıb.

"Bu işin mühüm nəticələrindən biri ondan ibarətdir ki, qərar qəbuletmə həqiqətən də bütün beyin üzrə çox geniş şəkildə paylanıb, o cümlədən əvvəllər bu prosesə cəlb olunmadığı güman edilən sahələrdə”, deyə Vitten vurğulayıb.

Onun sözlərinə görə, əldə edilən nəticələr həm də "unikal məlumat toplusu”dur.

"Onlar məlumat bazasının nədən ibarət olduğunu, necə göründüyünü izah edir və bu sahədə daha geniş analiz üçün resurs təqdim edir. Ümid edirik ki, bu məqalələr digərlərini də məlumatları araşdırmağa və onların əsasında yeni kəşflər etməyə ruhlandıracaq”, – deyə o əlavə edib.

Öz növbəsində fəlsəfə doktoru Tatyana Engel vurğulayıb:

"Bütün beynin xəritəsi, şübhəsiz ki, təsirli bir nailiyyətdir, amma bu yalnız başlanğıcdır, son deyil. IBL göstərdi ki, qlobal komanda bir-birini komfort zonasından kənara çıxmağa təşviq edə və heç bir laboratoriyanın təkbaşına çata bilməyəcəyi yeni əraziləri kəşf edə bilər”.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->