XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı
Dünya19:50 06.09.2026

Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı

Qütb ayılarının məlum olan ən qədim fosilləri Şpitsbergen adasında və Norveçin şimalında tapılıb. Onların yaşı 115–130 min il olaraq müəyyənləşdirilib. Bu tarix sonuncu buz dövrünün başlanmasından əvvəlki dövrə təsadüf edir. Bununla belə, bəzi bioloqlar qütb ayılarının qonur ayılardan təxminən 600 min il əvvəl ayrıldığını düşünür.

Qaynarinfo xəbər verir ki, “Discover Wildlife”ın məlumatına görə, araşdırmalar qütb ayılarının sonuncu böyük buz dövründə dəniz məməlilərini ovlamaq üçün donmuş okeana çıxan qonur ayılardan törədiyini göstərir.

Təbii seçmə nəticəsində tükləri daha açıq rəngdə olan və bədənində daha çox yağ toplanan fərdlərin sağ qalmaq və çoxalmaq şansı daha yüksək olub.

Lakin bu proses birdəfəlik və dəqiq ayrılma şəklində baş verməyib. İki növ arasında sonrakı dövrlərdə də təkrar cütləşmələr qeydə alınıb. DNT analizləri qütb ayıları ilə Alyaskadakı qonur ayı populyasiyalarından biri arasında genetik fərqin cəmi 1 faiz olduğunu göstərir.

Nəşr qeyd edib ki, dəniz buzlaqlarının sahəsinin azalması dənizdən uzaqda yaşayan qütb ayılarının cənubdakı qohumları ilə yenidən qarışmasına səbəb olur. Buna səbəb həmçinin qonur ayıların son illərdə daha şimala doğru miqrasiya etməsidir.

Bundan əlavə, Arktik Alyaskanın sahilyanı ərazilərində qrizli ayıların Qrenlandiya balinalarının cəsədləri ilə qidalandığı hallar müşahidə edilib. Bəzi hallarda qrizlilər qütb ayıları ilə eyni ərazidə olub. İki növ arasında cütləşmə halları da sənədləşdirilib.

Aydın