Xəbər lenti

Rusiya Hindistana silah tədarükünü dayandırdı -
Dünya 15:32 21.04.2023

Rusiya Hindistana silah tədarükünü dayandırdı - "Bloomberg" səbəbləri açıqladı

Ölkələr ABŞ sanksiyalarını pozmayan ödəniş mexanizmi tapmağa çalışdıqca, Rusiyanın Hindistana hərbi ləvazimatlar tədarükü dayandırılıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" Hindistan rəsmilərinə istinadən yazır

Onların sözlərinə görə, Hindistan artıq bir ildir ki, silah üçün 2 milyard dollardan çox məbləğdə ödənişləri köçürə bilmir.

Öz növbəsində Rusiya ehtiyat hissələri, həmçinin S-400 raketdən müdafiə sisteminin hələ də təhvil verilməmiş iki batareyası üçün təxminən 10 milyard dollarlıq krediti kəsib.

Rəsmilər bildiriblər ki, Hindistan ikinci dərəcəli sanksiyalar qorxusu səbəbindən ödənişi ABŞ dolları ilə ödəyə bilmir, Rusiya isə məzənnə dəyişkənliyi səbəbindən rupini qəbul etmək istəmir. Yeni Dehli də ödənişləri rus rublu ilə etmək niyyətində deyil.

Mümkün həll yollarından biri avro və dirhəmdən (BƏƏ valyutası) istifadə etmək ola bilər. Hindistan hökumətinin yüksək rütbəli rəsmisi bildirib ki, bu valyutalar ölkənin Rusiya neftinin güzəştli idxalını ödəmək üçün istifadə olunur. Bununla belə, bu valyutaların silah ödənişi üçün istifadəsi neftdən daha çox ABŞ-ın diqqətini cəlb edə, həmçinin Hindistan üçün əlverişsiz məzənnə səbəbindən xərcləri artıra bilər.

"Müzakirə olunan digər variant isə Rusiya üçün barter mexanizmidir", deyə bir məmur bildirib.

"Bloomberg" mənbələri bildiriblər ki, Rusiyanın döyüş təyyarələri və helikopterlərindən asılı olan Hindistan Hərbi Hava Qüvvələri tədarükün kəsilməsindən ən çox zərər çəkib.

Qeyd edək ki, Rusiya Hindistana ən böyük hərbi texnika tədarükçüsü olaraq qalır. Baxmayaraq ki, son beş ildə sanksiyalar və digər istehsalçı ölkələrin artan rəqabəti səbəbindən alışlar 19% azalıb.

Hindistan hazırda Rusiya istehsalı olan 250-dən çox "Su-30MKI" döyüş təyyarəsi, yeddi "Kilo" sinifli sualtı qayıq və 1200-dən çox T-90 tankını idarə edir. Onların hamısı daha 10 il işləyəcək və ehtiyat hissələrinə ehtiyacı var. Artıq beş S-400 raketdən müdafiə sistemindən üçü Hindistana çatdırılıb.

Rusiya Ukraynadakı müharibəyə görə Hindistana "S-400 Triumf" hava hücumundan müdafiə sistemləri və rus döyüş təyyarələri üçün ehtiyat hissələrinin tədarükü ilə bağlı müqaviləni ləğv edib. Rusiya Federasiyası 2024-cü ildə Hindistana daha iki S-400 diviziyasını verməli idi, lakin bu, naməlum müddətə təxirə salınacaq.

Hindistan və Rusiya arasında beş S-400 hava hücumundan müdafiə sistemin tədarükü üçün 5,43 milyard dollarlıq müqavilə 2018-ci ildə imzalanıb və çatdırılma 2024-cü ilin ortalarına qədər tamamlanmalı idi. 2021-ci ildə ABŞ Hindistanı S-400 almağı dayandırmağa çağırıb və mümkün sanksiyalarla hədələyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->