Pokrovsk şəhərinin yaşayış məhəllələrində və şəhərə yaxın ərazilərdə işğalçıların kiçik hücum qrupları ilə davamlı döyüşlər gedir. Bu istiqamət Rusiya ordusu üçün əsas istiqamət olaraq qalır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Pokrovsk istiqamətinə səfəri barədə hesabatında bildirib.
"Pokrovsk istiqaməti düşmənin hücumları baxımından əsas olaraq qalır. Burada düşmənin gündəlik hücum əməliyyatlarının ən çoxu müşahidə olunur, burada Ukrayna ərazisində fəaliyyət göstərən onun qruplaşmasının əhəmiyyətli hissəsi cəmləşib. Düşmən, xüsusilə, mürəkkəb hava şəraitindən istifadə etməyə çalışır”, – deyə Sırski vurğulayıb.
Pokrovsk istiqamətinə səfəri zamanı Sırski və komandirlər əvvəl müəyyənləşdirilmiş tapşırıqların icra nəticələrinə diqqət yetirib və növbəti addımları planlaşdırıblar.
"Bizim əsas vəzifələrimiz müəyyən rayonların tədricən nəzarətə götürülməsi, mövcud logistika yollarının qorunması və dəstəklənməsi, həmçinin müdafiəçilərimizi lazımi təminatla vaxtında təmin etmək və yaralıların fasiləsiz təxliyəsini həyata keçirmək üçün əlavə yolların təşkilidir. Şəhərin ətrafında və birbaşa yaşayış massivlərində düşmənin kiçik hücum piyada qrupları ilə davamlı döyüşlər gedir, bəzən isə yüngül düşmən texnikası məhv edilir”, – deyə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı əlavə edib.
Sırski həmçinin qeyd edib ki, Müdafiə Qüvvələrinin hərbçiləri düşmənin irəliləməsini və möhkəmlənməsini mümkünsüz etmək üçün əllərindən gələni edirlər. Bundan əlavə, düşmənin axtarışı və məhv edilməsi yaxınlıqdakı Oçeretin istiqamətində də davam edir. Son 7 gün ərzində axtarış-zərbə əməliyyatları nəticəsində Donetsk vilayətinin Pokrovsk rayonu ərazisində 7,4 km² sahə düşmənin diversiya-kəşfiyyat qruplarından təmizlənib.
"Rusiyanın Pokrovsk şəhərinə nəzarəti və ya Ukrayna Müdafiə Qüvvələrinin qruplaşmasının operativ mühasirəyə alınması barədə söhbət belə gedə bilməz. Döyüşlər davam edir,” – deyə Sırski vurğulayıb.
UNIAN-ın məlumatına görə, qalın duman Rusiya qoşunlarına Donetsk vilayətindəki strateji əhəmiyyətli Pokrovsk şəhərinə daha da yaxınlaşmağa imkan verib. Hava şəraiti pilotsuz uçuş aparatlarının fəaliyyətini çətinləşdirib və düşməni Ukrayna bölmələrini mühasirəyə almağa cəhd etməyə sövq edib.
Bununla belə, Qərb KİV-ləri yazır ki, Rusiya Pokrovskun ələ keçirilməsi planından bir il geridə qalıb. Moskva şəhərin xarabalıqları üzərində nəzarəti möhkəmləndirməyə hazırlaşır və Pokrovskun dağıdılmış məhəllələrinə getdikcə daha çox canlı qüvvə atır.
Alpər
Şərhlər