Dünya okeanında tanker gəmilərdə saxlanılan "tıxanmış” neftin həcmi təxminən bir milyard barelə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
Analitiklər bildirirlər ki, bu qədər böyük həcmdə yığılmış yanacağın əsas hissəsi sanksiyalar altında olan neft ixracatçılarına məxsusdur və bu vəziyyət qlobal bazarda neft qiymətlərinə eniş təzyiqi yarada bilər.
"Clarksons Securities” şirkətinin analitiklərinin sözlərinə görə, neftin bu şəkildə dənizdə qalmasının əsas səbəblərindən biri Qərb ölkələrinin sərtləşdirilmiş sanksiyalarıdır. Xüsusilə Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər nəticəsində bir çox tanker yüklərini boşalda bilmir.
Məlumata görə, avqust ayının sonundan bəri tankerlərdəki neft həcminin artımının təxminən 40 faizi Rusiya, İran və Venesuelaya aid xam neft, yaxud mənşəyi müəyyən olunmamış yanacaq məhsullarına düşür. Hətta bu göstərici ən aşağı hesablamalara görə 20 faiz səviyyəsində olsa belə, bu, sözügedən üç ölkənin birlikdə dünya neft hasilatında tutduğu 17 faizlik paydan artıqdır.
Ekspertlər hesab edirlər ki, dənizdə saxlanılan bu neft sonradan bazara çıxarılacaq, lakin belə bir əlavə təklifin yaranması qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Bununla yanaşı, artan ehtiyatlar sanksiyalar altındakı ölkələrin gəlirlərinə mənfi təsir göstərir və neft bazarının yaxın aylarda təklif bolluğuna doğru yönələcəyinə işarə edir.
Proqnozlara əsasən, Rusiya "tıxanmış” neft həcminə görə sanksiyalı ölkələr arasında lider mövqedədir. Analitiklər qeyd edirlər ki, Rusiya son aylarda Ukraynanın neft emalı zavodlarına endirdiyi hücumlar nəticəsində daxili emal gücünü itirdiyi üçün daha çox xam neft ixrac etməyə məcbur olub. Bu isə, ekspertlərin fikrincə, Rusiyanın "OPEC+” razılaşması üzrə hasilat kvotalarını aşdığı ehtimalını gücləndirir.
Aydın
Şərhlər