"Rusiyada miqrantlara qarşı tədbirlərin gücləndirilməsi siyasi səbəblərlə bağlıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli Sankt-Peterburqda supermarketdə mühafizəçi işləyən iki özbək vətəndaşının oğurluq edən şəxsi öldürməsini bəhanə etməklə, miqrantların ticarət obyektlərində işləməsinin qadağan edilməsi təklifinin gündəmə gəlməsini şərh edərkən deyib.
Ekspertin fikrincə, bu addıma gedilməsi bir tək iqtisadi səbəblərlə bağlı deyil:
"Düzdür, indi Rusiya iqtisadiyyatı özünün heç də yaxşı dövrünü yaşamır. Amma burada əsas səbəb miqrantların fəaliyyət göstərdiyi sahələri daraldıb, onların ölkədən çıxmasına nail olmaqdır. Çünki bu gün Rusiya ərazisində strukturlaşmış siyasi və ictimai fəaliyyət göstərən böyük qruplar yoxdur. Kreml hakimiyyəti diasporaları özünə təhlükə kimi görür. Görürlər ki, diasporalar böyüməklə bir zənglə, votsap qrupları və internet üzərindən qısa zamanda minlərlə insanı mobilizə edə bilir. Bu mənada düşünürəm ki, Rusiyada miqrantlara qarşı mübarizə heç də iqtisadi amillərlə bağlı deyil. Rusiya vətəndaşları işsiz qalmayıb ki, miqrantları işlərindən məhrum edəsən. Miqrantların çalışdığı sahələrdə ruslar özləri işləmək istəmir. Ona görə də düşünürəm ki, atılan bu kimi addımlar siyasi məqsədlərlə edilir".
Müsahibimiz qeyd edir ki, Rusiyada vəziyyət gərginləşdikcə məsələ daha da dərinləşəcək və miqrantlara münasibət daha da sərtləşəcək.
Qeyd edək ki, Rusiyada miqrantlara münasibətdə ağlasığmaz yeni-yeni qadağalar tətbiq olunur. Əvvəllər bu istiqamətdə təşəbbüslər mərkəzdən gəlirdisə, indi regionlar da aktivləşib. Sankt-Peterburq şəhəri Daxili İşlər Nazirliyi Baş İdarəsinin rəisi Roman Pluqin miqrantların pərakəndə və topdansatış ticarət obyektlərində işləməsinin qadağan edilməsini təklif edib.
Konkret hansı peşələrin məhdudlaşdırılacağı hələlik açıqlanmasa da, Puqinin sözlərinə görə, hazırda kuryer və taksi sahəsində tətbiq olunan məhdudiyyətlərə bənzər təşəbbüs hazırlanır. Bu əsasda da pərakəndə və topdansatış obyektlərində miqrantların istənilən vəzifədə işləməsinin qadağan olunması ilə bağlı müraciət ediləcək. Hətta təşəbbüs müəllifi hesab edir ki, bu addım iqtisadiyyata zərbə vurmayacaq.
Məlumata görə, belə bir təklifin gündəmə gəlməsinə səbəb yanvarın sonunda baş vermiş hadisə olub. Belə ki, həmin vaxt iki Özbəkistan vətəndaşı olan mühafizəçi "Perekrestok” supermarketində 24 yaşlı ziyarətçini oğurluqda şübhəli bilərək boğaraq öldürüblər.
Rüfət Sultan
Şərhlər