Xəbər lenti

Rusiyada partlayışlar: energetika obyektləri və neft emalı zavodları yanır (VİDEO)
Dünya 11:07 31.10.2025

Rusiyada partlayışlar: energetika obyektləri və neft emalı zavodları yanır (VİDEO)

Cümə gününə keçən gecə, oktyabrın 31-də, Rusiyanın bir neçə regionunda güclü partlayışlar baş verib. Bir neçə obyekt hücuma məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə şahidlərə istinadla "Telegram” kanalları məlumat yayıb.

"Astra” kanalının məlumatına görə, dronlar Orldəki İstilik Elektrik Mərkəzinə (İEM) hücum edib. Hücum anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Daha sonra qubernator Andrey Kliçkov Orl İEM-ə hücumu təsdiqləyib. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemi işə düşüb, lakin zərbələrdən tam yayınmaq mümkün olmayıb:

"PUA-nın vurulması nəticəsində onun qalıqları Orl şəhərinin İEM ərazisinə düşüb və enerji təchizatı avadanlıqları zədələnib. Xəsarət alan və ya yanğın yoxdur. Hadisə yerində xüsusi xidmət orqanlarının əməkdaşları çalışır. Nəticələrin aradan qaldırılması üzrə bərpa işləri davam edir”, – deyə Kliçkov bildirib.

Lakin hadisə yerindən yayılan kadrlar yanğının baş verdiyini göstərir. Hücumdan sonra şəhərdə elektrik təchizatı dayanıb.

Orl İEM – "RIR Enerqo” səhmdar cəmiyyətinə daxil olan istilik-elektrik mərkəzidir. Stansiyanın quraşdırılmış elektrik gücü 330 meqavat, istilik gücü isə 725 giqakalori/saat təşkil edir.

Yaroslavlda da partlayış səsləri eşidilib – "Slavneft-YANOS” ASC-nin neft emalı zavodu yaxınlığında. Yerli sakinlər partlayışların "Neftestroi” adlanan ərazidə baş verdiyini bildiriblər — bu ərazi zavoddan bir neçə kilometr aralıdadır. Dron hücumu səbəbindən Yaroslavl hava limanı bağlanıb.

Bundan başqa, Vladimir şəhərində də partlayışlar baş verib. "Astra” yazır ki, "Energetik” qəsəbəsində yerləşən "Vladimirskaya” elektrik yarımstansiyası hücuma məruz qalıb.

"Vladimirskaya” yarımstansiyası regionun iri energetika obyektlərindən biridir. Onun quraşdırılmış gücü təxminən 4010 MVA təşkil edir. Bu yarımstansiya şəbəkə qovşağı rolunu oynayır — buradan 110-dan 750 kilovolta qədər gərginlikli çoxsaylı ötürmə xətləri ayrılır və regionun enerji sisteminə xidmət göstərir.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi gecə ərzində hava hücumundan müdafiə vasitələrinin guya 130 ədəd təyyarə tipli Ukrayna pilotsuz uçuş aparatını vurduğunu bildirib. Qeyd olunur ki, Orl vilayəti üzərində 9, Yaroslavl üzərində 6 PUA vurulub, Vladimir vilayəti isə hesabatda ümumiyyətlə qeyd olunmur.

Xatırladaq ki, Ukrayna son vaxtlar Rusiyanın dərinliklərində yerləşən ərazilərə hücumları intensivləşdirib. Bu hücumlar o qədər zərər vurur ki, bir neçə regionda hakimiyyət orqanları neft emalı zavodlarını qorumaq üçün ehtiyat qüvvələr toplamağa başlayıblar. Məsələn, Nijni Novqorod vilayətində artıq ilk bölük formalaşdırılıb və təlimə göndərilib.

"The Telegraph” qeyd edir ki, Rusiya Federasiyasının Ukraynaya müdaxiləsi getdikcə uzaqmənzilli raket müharibəsinə çevrilir, çünki hər iki tərəf ölkənin şərqindən uzaqda hərbi üstünlük əldə etməyə çalışır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->