XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Süni intellekt ustaları bezdirir: Müştərilər qeyri-real qiymət və müddət tələb edir
Texnologiya23:21 12.08.2026

Süni intellekt ustaları bezdirir: Müştərilər qeyri-real qiymət və müddət tələb edir

Süni intellekt artıq inşaat ustalarının işinə də təsir göstərir. Neyron şəbəkələrin verdiyi məsləhətlər səbəbindən ustalar müştərilərin qeyri-real gözləntiləri ilə daha tez-tez qarşılaşırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə hvg.hu yazıb.

“Mapei” şirkətinin araşdırmasına görə, inşaat sahəsində çalışan mütəxəssislərin 73 faizi artıq peşəkar məsləhətlərinin, gördükləri işin və ya müəyyən etdikləri qiymətlərin müştərilər tərəfindən süni intellekt vasitəsilə yoxlanılması və ya şübhə altına alınması ilə qarşılaşıb. Ustaların 20 faizi bununla tez-tez, 26 faizi vaxtaşırı, daha 26 faizi isə çox nadir hallarda rastlaşır.

Müştərilər ən çox texnoloji həllərlə bağlı məsələlərdə süni intellektə istinad edirlər. Bu hal mütəxəssislərin 35 faizi tərəfindən müşahidə olunub. Daha 31 faiz material seçimi zamanı, 25 faiz görülməli işlərin müəyyənləşdirilməsində, 20 faiz isə işin qiyməti ilə bağlı belə arqumentlərlə qarşılaşıb.

“Çat-bot ümumi məlumatlarla işləyir. O, divarın hansı vəziyyətdə olduğunu, üzlük və ya döşəmənin altında nələrin yerləşdiyini, təbəqələrin düzgün ardıcıllıqla olub-olmadığını və söküntü zamanı hansı səhvlərin aşkar edildiyini görə bilmir. Bu məlumatlar olmadan onun verə biləcəyi cavab yalnız ideal vəziyyətə uyğun ola bilər. Halbuki tikinti sektorunda ideal vəziyyət ən nadir rast gəlinən haldır”, deyə “Mapei Kft.” şirkətinin idarəedici direktoru Bela Markoviç bildirib.

Araşdırma göstərib ki, inşaat mütəxəssislərinin 29 faizini müştərilərin süni intellekt vasitəsilə məlumat axtarması heç qıcıqlandırmır. Daha 22 faiz buna yalnız bir qədər mənfi yanaşır. Eyni zamanda, ustaların 27 faizi vəziyyəti orta dərəcədə qıcıqlandırıcı, 23 faizi isə kifayət qədər və ya çox qıcıqlandırıcı hesab edir.

Ustaları ən çox qıcıqlandıran məqam müştərinin süni intellektin verdiyi ümumi və ya səhv cavabı hazır peşəkar məsləhət kimi qəbul etməsidir. Bəzi ustalar həmçinin müştərilərin uzun illər təcrübəsi olan mütəxəssisdən daha çox çat-bota güvəndiyini müşahidə edirlər.

Onların fikrincə, bunun nəticəsində qiymətlərlə bağlı qeyri-real gözləntilər, həyata keçirilməsi mümkün olmayan müddətlər və ya konkret vəziyyət üçün uyğun olmayan texnologiyalardan istifadə tələbləri yaranır.

Araşdırma göstərib ki, inşaat ustalarının özləri də işlərində süni intellektdən istifadə edirlər. Sorğuda iştirak edənlərin 36 faizi bundan ən azı vaxtaşırı yararlanır, daha 27 faizi isə neyron şəbəkələri bir-iki dəfə sınaqdan keçirib.

Ustaların 7 faizi süni intellektə hər gün, 13 faizi hər həftə müraciət edir, 17 faizi isə heç vaxt ondan istifadə etməyib.

Mütəxəssislər süni intellektdən ən çox materiallar, texnologiyalar və istehsalçıların tövsiyələri barədə peşəkar məlumat axtarmaq üçün istifadə edirlər. Sorğuda iştirak edənlərin 44 faizi bu məqsədlə süni intellektə müraciət edir.

Daha 22 faiz hesablamalar və smetaların hazırlanması üçün, 21 faiz isə texniki problemlərin və səhvlərin müəyyənləşdirilməsi üçün bu texnologiyadan yararlanır.

Bundan əlavə, ustalar süni intellektdən kontent və marketinq materialları hazırlamaq, eləcə də məktublar, mesajlar və iş sənədləri yazmaq üçün istifadə edirlər.

Aydın