Azərbaycanda 2026-cı il üzrə iqtisadi artım və inflyasiya proqnozlarına yenidən baxılıb. Maliyyə Nazirliyinin son açıqlamasına görə, 2026-cı ildə qeyri-neft-qaz sektorunda ÜDM-in real artım tempi üzrə proqnoz 5 faizdən 3,1 faizə endirilib.
İqtisadi artımla bağlı proqnozların dəyişməsində əsas amillərdən biri tikinti sektoru üzrə gözləntilərin aşağı salınmasıdır.
Bəs tikinti sektorunda gözləntilərin zəifləməsinin əsas səbəbi nədir və bu sahədəki geriləmə digər sektorların fəaliyyətinə necə təsir göstərə bilər?
İqtisadçı Asif İbrahimov bu sualları Qaynarinfo-ya açıqlamasında cavablandırıb.
İqtisadçı bildirib ki, tikinti sektorunda gözləntilərin aşağı salınmasının əsas səbəblərindən biri ölkədə özəl investisiyaların kifayət qədər olmamasıdır:
“Fikrimcə, tikinti sektorunda gözləntilərin aşağı salınmasının əsas səbəbi, daha sadə və açıq formada izah etsək, ölkədə kifayət qədər özəl investisiyanın olmamasıdır. Bu, iqtisadiyyatın bir çox sahələrində belədir, xüsusilə də tikinti sektorunda. ABŞ bir neçə dəfə ölkədə baş verən iqtisadi böhranın qarşısını sırf tikinti sektorunu canlandırmaqla alıb”.
“Tikinti ən böyük investisiya tələb edən sahələrdən biridir”
Asif İbrahimovun sözlərinə görə, tikinti sektorunun inkişafı böyük həcmdə kapital tələb edir və özəl investorların olmaması yeni layihələrin azalmasına səbəb olur:
“Tikinti iqtisadiyyatın ən böyük investisiya tələb edən sahələrindən biridir. Yeni yaşayış binaları, kommersiya obyektləri, sənaye müəssisələri, logistika mərkəzləri və infrastruktur layihələrinin tikintisi üçün böyük həcmdə kapital lazımdır. Əgər özəl investor gəlməsə, yerli və xarici investor ölkəyə investisiya qoymaq istəməsə, yeni layihələr azalır və tikinti də beləliklə zəifləyir”.
İqtisadçı hesab edir ki, iqtisadi artımın müəyyən hissəsinin dövlət büdcəsinin investisiyalarından asılı olması dayanıqlı inkişaf modeli deyil:
“Bu gün əsas problem ondan ibarətdir ki, biz iqtisadi artımın müəyyən hissəsini hələ də dövlət büdcəsinin investisiyalarından gözləyirik və bu belə də baş verir. Yəni Azərbaycan hökuməti hansısa bölgənin tikintisinə vəsait ayırırsa, həmin tikinti canlanır, ayırmırsa, canlanmır. Bu belə olmamalıdır. Büdcədən investisiya qoyulanda tikinti canlanır, büdcə xərcləri azalanda və ya hansısa fiskal siyasət dəyişdiriləndə tikinti zəifləyir. Bu, dayanıqlı iqtisadi artım modeli deyil”.

Asif İbrahimov vurğulayıb ki, dövlətin əsas vəzifəsi özəl kapitalın ölkəyə gəlməsi üçün şərait yaratmaqdır:
“Dövlət büdcəsi iqtisadiyyatda əsas investisiya mənbəyinə çevrilməlidir. Dövlətin vəzifəsi özəl kapitalı ölkəyə gətirmək üçün şərait yaratmaqdır. Amma bir çox investor heç baxırsan ki, Azərbaycanı tanımır. Fikirləşirsən ki, dəvət eetməyə çalışırsan və başlayır xəritədə Azərbaycanı axtarmağa. Ondan sonra müvafiq reytinqlərə baxır. Azərbaycanın həmin reytinqlərdəki yerinə baxır. Daha sonra sual yaranır: "Mən Azərbaycana niyə gəlim və burada uzunmüddətli niyə pul qoyum?" Bu sualların cavabları hökmən tapılmalıdır”.
“Investor yalnız vergi güzəşti axtarmır”
İqtisadçı hesab edir ki, xarici və yerli investorların qərarlarına məhkəmə-hüquq sistemi, lisenziya və icazələrin əldə olunması, eləcə də digər amillər təsir edir:
“Bu, avtomatik qaydada həmin ölkədə məhkəmə-hüquq sistemi, lisenziya və icazələrin rahatlıqla əldə olunması və digər kriteriyalarla, məsələn, ESG faktorları ilə - ətraf mühit, sosial və korporativ idarəetmə ilə bağlı məsələlərlə əlaqəlidir. Bunlar öz həllini tapmalıdır. Reytinqlərdə ölkə yuxarı cərgədə olmalıdır”.
Asif İbrahimovun sözlərinə görə, investorun ölkəyə uzunmüddətli sərmayə yatırması üçün yalnız vergi güzəştləri kifayət etmir:
“Bu suala inandırıcı cavab vermədən tikintidə, sənayedə, logistikada və digər sahələrdə davamlı artım gözləmək sadəlövhlük olardı. İnvestor yalnız vergi güzəşti axtarmır. O, hüquqlarının qorunmasını, məhkəmə sisteminə etimadı, şəffaf və proqnozlaşdırılan qaydaları, valyuta və kapital hərəkətləri üzrə rahat hərəkətliliyi, rəqabətli bazarı, uzunmüddətli maliyyə imkanlarını və ən əsası da sabah qaydaların dəyişməyəcəyinə əminliyi istəyir”.
İqtisadçı hesab edir ki, özəl investisiyaların azalmasının səbəbləri yalnız qlobal iqtisadi vəziyyət və faiz dərəcələri ilə izah edilməməlidir:
“Əgər özəl investor gəlmirsə, bunun səbəbini yalnız dünya iqtisadiyyatında və yaxud faiz dərəcələrində axtarmamalıyıq. Öz iqtisadi mühitimizdə də investorun niyə gəlmədiyini oturub özümüzə sual verməli və bunu açıq şəkildə təhlil etməliyik”.
“Tikintidə 9,4 faizə qədər geriləmə çox böyük göstəricidir”
Asif İbrahimov tikinti sektorunda 9,4 faizə qədər geriləmənin digər sahələrə də təsir göstərə biləcəyini deyib:
“Tikintidə 9,4 faizə qədər geriləmə əslində çox böyük göstəricidir. Çünki tikinti yalnız binaların tikilməsi deyil. Tikinti zəifləyəndə sement, metallurgiya, tikinti materialları, nəqliyyat, logistika, mühəndislik, layihələndirmə, bank, mebel, əmək bazarı, hətta bir sıra dolayı sahələrə də öz təsirini göstərir. Məsələn, pərdə satan belə bundan mənfi təsir əldə edə bilər”.
İqtisadçı tikintinin iqtisadiyyatın bir çox sahələrini hərəkətə gətirən əsas sektorlardan biri olduğunu vurğulayıb:
“Məsələ bir tikinti şirkətinin və yaxud da bir sektorun problemi deyil. Tikinti elə bir sektordur ki, onu canlandırdığın halda biri ora kərpic satacaq, biri sement satacaq, biri tikinti materialı satacaq, biri nəqliyyat xidmətləri göstərəcək, digəri mühəndislik xidmətləri göstərəcək, biri bank krediti verəcək, biri konsaltinq fəaliyyəti göstərəcək, biri gedib orada pərdə satacaq, biri aksessuar satacaq. Ümumilikdə, bu sahə elə bir sektordur ki, bir çox sahələrin canlanmasına gətirib çıxara bilir”.
Asif İbrahimov qeyd edib ki, qeyri-neft-qaz sektorunda artım proqnozunun 5 faizdən 3,1 faizə endirilməsi fonunda inflyasiya gözləntisinin də 5,7 faizə yüksəldilməsi iqtisadi vəziyyəti daha da mürəkkəbləşdirir:
“Əgər ölkəyə yeni kapital gəlmirsə, mövcud kapital da kifayət qədər sürətlə dövr etmirsə, iqtisadi artımı yalnız büdcə hesabına saxlamaq düzgün deyil. Bunu heç bir xüsusi, qeyri-fövqəltəbii güclərə malik olan kimsə edə bilməyib. Tarixdə belə bir nümunə görsənməyib. Üstəlik, qeyri-neft-qaz sektorunda artım proqnozunun 5 faizdən 3,1 faizə endirildiyi vaxtda inflyasiya gözləntisinin də 5,7 faizə yüksəldilməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki aşağı artım və yüksək qiymət artımı biznes üçün də, əhali üçün də heç də yaxşı ssenari deyil”.
“Əsas sual özəl kapitalı ölkəyə necə gətirməkdir”
İqtisadçı hesab edir ki, hazırda əsas məsələ tikinti sektorunun zəifləməsinin qarşısını almaq və dövlət büdcəsindən asılı olmayan yeni özəl kapitalın ölkəyə cəlb edilməsidir:
“İndi əsas sual tikinti sektorunu düşdüyü geriləmədən necə xilas etmək və inkişaf etdirməkdir. Nə etməliyik? Azərbaycan büdcəsindən asılı olmayan yeni özəl kapitalı necə edək ki, ölkəyə gəlsin? Bu suallar qoyulmalıdır. Əgər bu suala cavab tapa bilsək, tikinti də canlanacaq, sənaye də, logistika da, xidmət sektoru da və bayaq sadaladığım digər sektorlar da. Əks halda, dövlət büdcəsinin imkanları nə qədər böyük olsa da, iqtisadi artımın uzun müddət yalnız büdcə xərcləri hesabına, yəni büdcədən sifariş verib nəyisə tikmək hesabına təmin edilməsi dayanıqlı inkişaf olmaz. İnvestor gəlmirsə, iqtisadiyyatın böyüməsi üçün dövlətin hər dəfə daha çox xərcləməsi tələb olunur. Bu da çıxış yolu deyil. Çıxış yolu investorun niyə gəlmədiyini tapmaq və həmin problemi aradan qaldırmaqdır”.
Günay İlqarqızı
Şərhlər