XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ-ın ən yaşlı məhbusu: 8 dəfə edamdan qaçdı, 101 yaşında öldü
Dünya16:59 20.08.2026

ABŞ-ın ən yaşlı məhbusu: 8 dəfə edamdan qaçdı, 101 yaşında öldü

Frensis Klifford Smit səkkiz dəfə son yeməyini yeyib. Hər dəfə edamdan xilas olan Smit ABŞ-da ən uzun müddət həbsdə qalan məhbuslardan biri kimi tanınıb və 101 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, Smit 1950-ci ildə, 25 yaşında olarkən qətldə təqsirli bilinib. Onu tanıyan şəxslərin BBC-yə bildirdiyinə görə, ömrünün sonuna qədər günahsız olduğunu deyib.

Konnektikut Cəzaçəkmə Departamentinin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Andrius Baneviçiusun sözlərinə görə, Smit Osborn həbsxanasında olarkən quşları yemləyərmiş. Buna görə ona "Osbornun quş adamı" ləqəbi verilib.

"O, bacardığı qədər çörəyi paltarının içinə doldururdu. Hamı buna göz yumurdu, çünki onun sadəcə quşları yedizdirdiyini bilirdilər", deyə Baneviçius bildirib.

Qətl işi illər sonra şübhə altına düşdü

Smit 1949-cu ildə Konnektikutdakı yaxta klubunda gecə mühafizəçisi Qrover Hartın öldürülməsində ittiham olunub. Qətllə bağlı iki nəfər həbs edilib. Digər şübhəli istintaqla razılaşma əldə edərək Smitin əleyhinə ifadə verib. Nəticədə Smit birinci dərəcəli qətldə təqsirli bilinib.

Lakin illər keçdikcə onun təqsiri və məhkum edilməsinə əsas verən sübutlar şübhə altına düşüb. Bir sıra şahidlər əvvəlki ifadələrindən imtina edib, daha sonra isə başqa bir məhbus qətli törətdiyini etiraf edib.

Smiti həbsindən sonra dindirən zabitlərdən biri də sonradan onun günahsız olduğuna inandığını bildirib.

"Onun hətta qətl zamanı hadisə yerində olub-olmadığına əmin deyiləm", deyə mayor Leo Kerroll Əfv Şurasına bildirib.

Bu şübhələr Smitin dəfələrlə təyin olunan edamlarının təxirə salınmasına səbəb olub. 1954-cü ildə onun ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

70 ildən çox həbsdə qaldı

Smit ümumilikdə 70 ildən çox həbsxanada keçirib. Bu müddətdə cəmi üç qısa azadlıq dövrü olub.

1967-ci ildə həbsxanadan qaçıb, lakin 12 gün sonra tutulub. 1974-cü ildə Milad axşamı evə getməsinə icazə verilib və ertəsi gün geri qayıdıb.

1975-ci ildə isə şərti azadlığa buraxılıb və təxminən 10 ay azadlıqda qalıb. Daha sonra xırda oğurluq və silah saxlama ittihamları ilə həbs edilib. Bu hallar onun şərti azadlıq qaydalarını pozması hesab olunub.

Sonrakı illərdə Smit şərti azadlığa çıxmaq üçün edilən bir neçə təklifi rədd edib. Nəhayət, 2020-ci ildə nəzarətli şərti azadlığa buraxılıb və ədliyyə sistemi çərçivəsində yaşlı insanlar üçün nəzərdə tutulmuş qayğı müəssisəsinə köçürülüb.

ABŞ-da yaşlı məhbusların sayı artır

Luisvil Universitetinin yaşlı insanlar və həbsxana sistemi üzrə tədqiqatçısı doktor Stefani Prost bildirib ki, bir çox həbsxanada Smit kimi yaşlı məhbus var.

"Biz yaşlanma ilə bağlı böhranla üzləşən yeganə yurisdiksiya deyilik. Oxşar problemlər Avstraliya və İngiltərədə də özünü göstərir", deyə Prost bildirib.

2025-ci ildə aparılan araşdırmaya əsasən, ABŞ həbsxanalarında 55 və daha yuxarı yaşda olan insanların sayı 1991-2021-ci illər arasında təxminən 400 faiz artıb.

ABŞ Siyahıyaalma Bürosunun proqnozlarına görə, 2030-cu ilə qədər həbsdə olan insanların ən azı üçdə biri 50 yaşdan yuxarı olacaq.

Tədqiqatçılar Smitin vəziyyətinə bənzər hallarda "ağıllı həbsdən azadetmə" siyasətinin tətbiqini təklif edirlər. Buraya humanitar əsaslarla azadlığa buraxılma, yaşlılar və ya tibbi səbəblərlə şərti azadlıq kimi tədbirlər daxildir.

Bu proqramlarda məhbusların yaşı və tibbi ehtiyacları nəzərə alınır. Çünki yaşlı məhbuslar yıxılma, sidik saxlaya bilməmə və eşitmə problemləri də daxil olmaqla, həbsxana şəraitində müalicəsi çətin və bahalı olan sağlamlıq problemləri ilə daha çox üzləşirlər.

"O, əslində qocalıqdan öldü"

Smit ömrünün son illərində ədliyyə sistemi tərəfindən nəzarət olunan şərti azadlıq rejimində qayğı müəssisəsində yaşayıb. O, "MissionCare Health" proqramı çərçivəsində qayğı göstərilən ilk şəxslərdən biri olub. Proqram məhbuslara tibbi və uzunmüddətli qayğı göstərməyə yönəlib.

Smitin son illərini keçirdiyi «60 West» müəssisəsinin nümayəndəsi Devid Skotçulek BBC-yə bildirib ki, Smit iyun ayında yuxuda vəfat edib və daha sonra kremasiya olunub.

"Əslində, o, qocalıqdan öldü. Ölümü zamanı ailəsinin iştirakı çox məhdud idi, lakin biz onun arzularının yerinə yetirilməsini və hər şeyin ləyaqətli şəkildə təşkil olunmasını təmin etdik", deyə Skotçulek bildirib.

Mütəxəssislərin sözlərinə görə, uzunmüddətli həbs insanın fiziki və psixi qocalmasını sürətləndirə bilər. Məsələn, demensiya kimi xəstəliklər həbsdə olmayan insanlarla müqayisədə daha erkən ortaya çıxa bilər.

Skotçulek qeyd edib ki, uzun müddət həbsdə qalan 60 yaşlı insanın sağlamlıq vəziyyəti bəzən 90 yaşlı şəxsin vəziyyətinə bərabər ola bilər.

Smitin ömrünün sonlarında demensiyadan əziyyət çəkdiyi bildirilir. Baneviçius bunu BBC-yə təsdiqləməsə də, onun qocalıqla bağlı müxtəlif problemlərlə üzləşdiyini söyləyib.

"Onun 101 yaş yarımı var idi. Uzunömürlülük baxımından kifayət qədər yaxşı vəziyyətdə idi", deyə Baneviçius bildirib.

Aydın