Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Sülh Şurasının Nizamnaməsi” (Board of Peace Charter) sənədinin imzalanma mərasimində deyib.
"Ermənistan, Azərbaycan - mən demək istəyirəm ki, bu liderlərin bir çoxu mənim dostlarım oldu. Burada onlar mənim dostlarım oldular", deyə Tramp bildirib.
Tramp deyib ki, bu gün dünya bir il əvvəlkindən daha zəngin, daha təhlükəsiz və daha sakitdir. ABŞ lideri qeyd edib ki, Qəzzada münaqişə sona çatır: "Biz məsələni həll edirik. Sülh Şurasına 59 ölkə dəvət olunub".
Onun sözlərinə görə, ABŞ Prezidentinin indiki administrasiyası 8 müharibəni dayandırıb, tezliklə bu siyahıya daha bir bitmiş müharibə əlavə olunacaq: "Bu, çox uzun müddət gözlədiyimiz olduqca həyəcanlı bir gündür".
O, həmçinin Yaxın Şərqdə sülhün əhəmiyyətini vurğulayıb. "Biz 8 müharibəni həll etdik və hesab edirəm ki, tezliklə daha bir müharibə öz həllini tapacaq. Düşünürdüm ki, bu, asan bir müharibə olacaq, lakin bəlkə də ən çətini elə bu oldu", deyə ABŞ lideri Ukrayna müharibəsini nəzərdə tutaraq əlavə edib.
"İranın nüvə silahı əldə etməsinə iki ay qalmışdı və ABŞ hərəkətə keçib nüvə təsisatlarını darmadağın etdi. İran danışmaq istəyir. Biz danışacağıq", deyə Tramp qeyd edib.
ABŞ Prezidenti Livandakı Hizbullah təşkilatı ilə bağlı məsələyə də toxunub: "Bununla bağlı bir şey etməliyik".
Şərhlər