Ölkə 17:06 24.06.2022

Türk polisi azərbaycanlı "prokuror" qadına görə “qızıl diş” əməliyyatı keçirdi (FOTO/VİDEO)

Türkiyənin Dənizli şəhərində özünü "prokuror" kimi təqdim edən 22 yaşlı Azərbaycan əsilli Ləman Nuriyeva əyləncə məkanında saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, Ləman Nuriyeva özünü prokuror kimi təqdim edərək, 70 yaşlı Perihan Ç.-nin 30 min lirəsini (təxminən 3 min manat) mənimsəyib. 

70 yaşlı Perihan Ç. hadisə ilə bağlı polisə məlumat verib. Dənizli İl Jandarma Komandanlığı Cinayət Axtarış Qrupu (JASAT) Sarayköy mahalında yaşayan Perihan Ç.-nin 30 min lirə aldadılması ilə əlaqədar şübhəli və ya şübhəlilərin müəyyən edilərək tutulması üçün araşdırma aparıb. Perihan Ç.-nin ifadəsini alan polisə aydın olub ki, Ləman Nuriyeva özünü "prokuror" kimi təqdim edib. Zərərçəkən həmin şəxsin ağzında qızıl dişinin olduğunu deyib.

70 yaşlı qadının izahatında o da aydın olub ki, Ləman Nuriyeva cinayəti "prokuror” adı ilə törədib və FETÖ-ya qarşı əməliyyat keçirdiyini bildirib. Perihan Ç.-yə mobil telefonla zəng edən qadının evdəki qızıl və pulların FETÖ/PDY-yə aid olduğunu bildirib. Bundan sonra, qızıl və pulları mənimsəyib. 

Bölgədəki təhlükəsizlik kameralarının qeydlərini araşdıran polis dələduzluğu törədən şəxsin Azərbaycan əsilli Ləman Nuriyeva olduğunu müəyyən edib. 

Ləman Nuriyeva valyutadəyişmə məntəqəsində Perihan Ç.-dən aldığı 500 avronu lirəyə çevirərkən təhlükəsizlik kamerasına düşüb. Hadisədən sonra onun dələduzluq yolu ilə ələ keçirdiyi pulla əyləncə məkanına getdiyi və əylənərkən çəkdirdiyi videoları sosial media hesablarında paylaşdığı müəyyən edilib. 

İyunun 21-i axşam saatlarında polis tərəfindən şübhəlinin tutulması üçün "Qızıl diş" adlı əməliyyat keçirilib. Ləman Nuriyeva əyləncə məkanında yaxalanaraq nəzarətə götürülüb.

İzahatı alınan şübhəli dünən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Prokurorluğun etirazı ilə yenidən saxlanılan Ləman Nuriyeva bu dəfə həbs edilib. Onun üzərindən götürülən 2 qızıl və 7 min lirə pul Perihan Ç-yə təhvil verilib.

Əhməd