Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Avropa İttifaqı qlobal arenada gücünü göstərmək üçün "miqyaslı düşünməlidir” və genişlənmə imkanından istifadə etməlidir.
Qaynarinfo xəbər verir ki, o, bu barədə Helsinkidə keçirilən enerji konfransında çıxış edərkən danışıb.
Stubbun sözlərinə görə, Aİ üzvlərinin sayını 40-a qədər artırmalı, Böyük Britaniya, Kanada, Türkiyə, Norveç və İslandiya kimi ölkələr isə potensial üzv kimi nəzərdən keçirilməlidir.
O əlavə edib ki, genişlənmə üçün "imkan pəncərəsi” nisbətən qısadır, çünki Ukraynadakı müharibə başa çatdıqdan və ola bilsin ABŞ-da administrasiya dəyişdikdən sonra diqqət yenidən daxili mübahisələrə yönələ bilər.
Stubb bildirib ki, Avropanın strateji muxtariyyəti və geosiyasi gücü çox vaxt miqyasdan asılıdır və onun fikrincə, Aİ tarixində ən uğurlu siyasətlərdən biri məhz genişlənmə olub.
"Bu anda biz geniş düşünməliyik və coğrafi baxımdan yanaşmalıyıq. Ya genişlənməliyik, ya da ən azı 40 dövlətə qədər çevik üzvlük modeli yaratmalıyıq — hətta Avropadan kənar ölkələr də daxil olmaqla”, deyə Finlandiya prezidenti qeyd edib.
Onun sözlərinə görə, Aİ xüsusilə qərb qanadına diqqət yetirməli və 2020-ci ildə blokdan çıxan Böyük Britaniyanı yenidən ən yaxın şəkildə birliyə bağlamalıdır.
Stubb həmçinin Kanadanın da mümkün üzv kimi nəzərdən keçirilməsinin maraqlı ideya olduğunu deyib.
"Kanadanın ABŞ-ın 51-ci ştatı olmaq əvəzinə Avropa İttifaqının 28-ci üzvü olması gözəl olmazdımı?”, deyə o bildirib.
Prezident əlavə edib ki, Ukrayna, Moldova və Gürcüstanın üzvlük perspektivləri ilə yanaşı, Türkiyə məsələsi də ciddi şəkildə müzakirə olunmalıdır. O həmçinin Balkan ölkələrinin (Serbiya, Kosovo, Albaniya, Çernoqoriya, Şimali Makedoniya, Bosniya və Herseqovina) Avropa üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
İslandiya və Norveçi isə "şimal istiqamətində xüsusi əhəmiyyətli ölkələr” kimi qeyd edib.
Aydın
Şərhlər