Səbuhi Həsənov
İdman 14:50 15.10.2022

UEFA-nın gözünə soxulası pullu ədalət

44 günlük müharibədə erməni qəddarlığına dözməyib emosiyalarını saxlaya bilməyən "Qarabağ”ın sabiq mətbuat katibi, həmkarımız Nurlan İbrahimov Feysbuk sosial şəbəkəsi vasitəsilə fikirlərini yazandan sonra ağır sanksiyalarla üzləşdi. 
 
UEFA tərəfindən onun futboldan ömürük uzaqlaşdırılması ilə bağlı qərar çıxarıldı. Bu isə qəbuledilməz olduğundan İbrahimov İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edərək hüquqlarının müdafiəsi uğrunda mübarizəyə atıldı. Təbii ki, vəkili Fərid Haqverdiyev ilə bilrikdə. 

İbrahimov iki il boyunca mübarizə apardı… O, tək özü üçün çalışmadı. Nurlan mübarizəsi ilə nə vaxtsa başına belə bir hadisə gələcəyindən sığortalanmayan digər azərbaycanlılar üçün də bir nümunə oldu. Baxmayaraq ki, CAS hər dəfə qərarın verilməsini gecikdirdi, təxirə saldı. Təbii ki, bu hal Nurlanla bərabər onu sevənlərdə, dəstəkəyənlərdə ədalətsiz qərarın geri götürüləcəyinə dair müəyyən ümidlər yaratdı. Amma… 

Bir neçə gün öncə elə İbrahimov özü prosesin yekunlaşdığını açıqladı. Nəticə isə üzücü oldu. CAS UEFA-nın çıxardığı qərarı qüvvədə saxladı. Bu, niyə, nə üçün baş verdi, bilmirəm. Ancaq qərardan sonra İbrahimovun açıqlaması məndə Avropadakı "ədalət”lə bağlı şübhələri bir qədər də qətiləşdirdi. Nurlanın "Futbol+"a açıqlamasında bir məqam diqqətimi çəkdi. Əvvəlcə həmin açıqlamadan bir sitatı nəzərinizə çatdırım:

"Fərid Haqverdiyev bu işdə mənə dəstək oldu. Nəinki təmənnasız, hətta bəzi məsələlərdə öz cibindən pul xərcləyib. Fərid ölkəsini sevən, mənim qazandığım dəyərli bir insandı. Fərid bu məsələyə bir azərbaycanlı kimi baxırdı. Lakin dünyada sözükeçən bir adamın olması yüksək ödəniş tələb edirdi. Hətta təkliflər də olmuşdu. Zəmanət də verirdilər ki, müsbət sonluq olacaq. Lakin mən bu məbləği ödəmək iqtidarında olmadığım üçün qəbul etmədim. Lakin bir yox, dünya səviyyəli bir neçə vəkillərlə birgə olsaydım, birmənalı şəkildə cəza bu olası deyildi. Bizə gələn qərardan isə belə görünür ki, ümumiyyətlə, işə baxılmayıb. Elə olduğu kimi də bağlayıblar".

Azərbaycanlıların böyük əksəriyyəti əmindir ki, UEFA Nurlanı haqsız şəkildə cəzalandırdı. Bunda Avropadakı erməni lobbisinin də baramağının olması və məhz onların təzyiqi istisna deyil. Hər halda Avropa arenalarında dəfələrlə üzümüzü güldürən, azərbaycanlı azarkeşlərə fantastik hisslər yaşadan, futbolu ilə bir çox rəqiblərə nümunə olan "Qarabağ”a qarşı dəfələrlə haqsızlıq gördüyümüz üçün belə düşünməyimiz əbəs deyil. Elə Nurlan da zaman-zaman açıqlamalarında UEFA-nın ona haqsızlıq etdiyini, düzgün qərar vermədiyini və müraciət etdiyi bir çox vəkillərin də eyni fikirdə olduğunu bildirmişdi…

Yuxarıda dediyim məqama gəlincə… Nurlanın daha təcrübəli vəkillə əməkdaşlıq etməməsini bir kənara qoyaq. Açıqlama onun sübutudur ki, dünyada, ən azı Avropada, bir qədər də dəqiqləşdirsək, UEFA-da ədalət pulla tənzimlənir. Belə çıxır ki, sabiq mətbuat katibi bir qədər artıq pul xərcləsəydi, başqa, sözü keçən vəkillə əməkdaşlıq etsəydi, ədalət öz yerini tapacaq, qərar da ləğv olunacaqdı. Amma "money” (ingilis dilindən tərcümədə "pul”... Ya da avropalıların "ədalət” anlayışı deməkdir) olmadığı üçün İbrahimovla bağlı qərar qüvvədə saxlanıldı.

Bütün bunlardan sonra belə qənaətə gəlmək mümkündür ki, Avropada da hüquq anlayışı nisbidir, kağız üzərində yazılmış formadadır. Yəni harda olursan ol, pulun varsa ədalət də var, yoxdursa, o sözün heç "Ə”sini də görməyəcəksiniz. Belə ədalət isə… Gözünüzə girsin…

P.S. Bir neçə il öncə UEFA-nın prezidenti Mişel Platini və FİFA başqanı Yozef Blatter rüşvət ittihamı ilə vəzifəsindən ayrılanda və onlara sanksiyalar tətbiq olunanda şok effekti vermişdi. "Necə yəni, rüşvət? Mümkün deyil, Avropada, dünyada ədalət var. Onları tələyə salıblar” kimi fikirlər beyinlərdən çıxmırdı. Amma zaman keçdikcə buna təəccüblənmirəm. Bəlkə UEFA və FİFA-da dərindən araşdırma aparsalar, indi də çox şeylərin şahidi olarıq.

Səbuhi Həsənov