Xəbər lenti

Haluk Leventin ifadəsi açıqlandı:
Dünya 12:55 15.07.2026

Haluk Leventin ifadəsi açıqlandı: "Qanunsuzluq ola bilər, amma korrupsiya etməmişəm"

Türkiyədə "Ahbap" Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan müğənni və dərnəyin sədri Haluk Leventin polisə verdiyi ifadə ictimaiyyətə açıqlanıb.

Qaynarinfo xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun "Ahbap" Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan 24 nəfərdən 23-ü ifadələrinin alınmasının ardından məhkəməyə göndərilib.

Yayılan məlumata görə, Haluk Levent ifadəsində özünü və fəaliyyətini düzgün idarə edə bilmədiyini etiraf edib.

"Özümü də, ətrafımı da, işlərimi də təəssüf ki, lazımi şəkildə idarə edə bilmədim. "Ahbap"ın çek və veksellərindən bəzi hallarda girov kimi istifadə etmişəm. Böyük məbləğdə borclanmışam. Buna qanunsuzluq deyə bilərsiniz, amma korrupsiya deyə bilməzsiniz. Bu ilin sonuna qədər qanunsuz görünən bütün əməliyyatları dərnəyin sənədlərində rəsmiləşdirərək düzəltməyi planlaşdırırdım, lakin buna imkan verilmədi", – deyə o bildirib.

Levent ifadəsində "Ahbap" Dərnəyini 2016-2017-ci illərdə yaratdığını, ilk illərdə bütün xərcləri şəxsi vəsaiti hesabına qarşıladığını, Elazığ zəlzələsindən sonra isə ianələrin daxil olmağa başladığını söyləyib.

Onun sözlərinə görə, dərnəyin bank hesablarından pul çıxarmaq səlahiyyəti yalnız özündə olub və maliyyə məsələlərinə görə yeganə məsul şəxs kimi fəaliyyət göstərib.

Müğənni həmçinin bildirib ki, "Ahbap"ın təsərrüfat müəssisəsinə məxsus çek kitabçasından bəzi hallarda şəxsi öhdəlikləri üçün təminat vasitəsi kimi istifadə edib.

Haluk Levent 2023-cü il Kahramanmaraş zəlzələsindən sonra "Ahbap" Dərnəyinə təxminən 4,3 milyard türk lirəsi ianə toplandığını, bu vəsaitin demək olar ki, hamısının zəlzələ bölgəsində həyata keçirilən yardım layihələrinə xərcləndiyini deyib. O vurğulayıb ki, bütün xərclər sənədləşdirilib və Daxili İşlər Nazirliyinin yoxlamalarından keçib.

Levent ifadəsində 2026-cı ildə bazar dəyəri təxminən 150 milyon lirə olan 20 mənzili 80 milyon lirə qarşılığında "Ahbap" Dərnəyinə vermək istədiyini, lakin daşınmaz əmlakın dərnəyin adına rəsmiləşdirilməsi prosesinin müxtəlif səbəblərdən baş tutmadığını da bildirib.

O, aparılan əməliyyatın qəsdən vaxtından əvvəl həyata keçirildiyini iddia edib və əlavə edib ki, əgər proses bir gün gec başlasaydı, bütün maliyyə məsələləri qanuni qaydada həll olunacaqdı.

Levent həmçinin etiraf edib ki, birjada investisiya etmək vərdişi olub və zəlzələdən sonrakı maliyyə çətinlikləri səbəbindən daha çox borclanıb. Bununla belə, o, heç vaxt "Ahbap" Dərnəyinin vəsaitindən şəxsi məqsədlər üçün və ya birja əməliyyatlarında istifadə etmədiyini bildirib.

İstintaq davam edir.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->